Bakının baş memarı da Hacıbala Abutalıbovun adını çəkdi: "Qərarı başçı verib..."

13:03 28-09-2021 387

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin növbəti məhkəməsi baş tutub. 

Musavat.com xəbər verir ki, Rasim Quliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.

Bu gün keçirilən  məhkəmə prosesində ötən iclasda ifadəsi yarıda qalan BŞİH-in baş memarı Akif Abdullayev dindirilib.

Şahid Abdullayev bildirib ki, D. Əliyeva 141 və 145 saylı binalar barəsində məlumatı olmayıb. O da hər prosesin Hacıbala Abutalıbov tərəfindən nəzarətdə saxlanıldığını deyib:

"Sərəncam alınandan sonra Bakı şəhər icra hakimiyyəti başçısının tapşırıqlarını icra etmişəm. Mən yalnız layihələrə baxmışam, söküntü işləri mənlik deyildi. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəhbərliyi mən həyata keçirirdim. Mən yalnız layihələrə baxmışam. Başqa işlərə digər şöbələr nəzarət edirdi. Mən sadəcə icraçıyam".

Onun sözlərinə görə, Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan sonra rəhbərlik Rasim Quliyevə verilib.

Rasim Quliyev isə bildirib ki, həmin vaxt Akif Abdullayev Baş İdarəyə rəhbərlik edib: "Mən heç vaxt Baş idarəyə rəhbərlik etməmişəm. Akif Abdullayev kimə tabe olduğunu desin". 

Akif Abdullayev qeyd edib ki, Rasim Quliyevin tikinti ilə bağlı imzaladığı sərəncamı xatırlamır. 

"Sərəncam imzalananda mənə məsləhət eləmirdilər. Dilarə Əliyeva 141 ünvanında eskiz layihəsində çatışmazlıq var idi. Bu da mərtəbə hündürlüyü və sıxlıqla bağlı idi".

Suallara cavab verən Akif Abdullayev aşkar olunan çatışmazlıqlarla bağlı aidiyyəti qurumlara məlumat verdiklərini deyib.

"Fövqəladə Hallar Nazirliyi məsələ ilə bağlı gəlib araşdırma etdi və problem qismən aradan qaldırıldı. Sonra bina qəbul olundu. Bütün sənədlər Memarlıq şöbəsinə göndərildi, mən də təsdiqlədim. Layihəni təsdiqləyib Bakı şəhər İcra Hakimiyyətinin başçısına təqdim etdim. Məndən soruşsaydılar layihədəki problem nədir, mən də problemi deyirdim. Amma soruşulmayanda iradları demirdim. Özlüyümdən  hansısa irad bildirə bilmirdim",- deyə baş memar bildirib.

A.Abdullayev vurğulayıb ki, layihə Fövqəladə Hallar Nazirliyinin Layihələndirmə İnstitutunda təsdiqlənmişdi:

"Tarixi binanın sökülməsindən məlumatım olmayıb. 2002-ci ildən Bakı şəhərinin baş memarıyam. İbtidai istintaqda Rasim Quliyevlə üzləşdirilməmişəm. 2015-ci ildə "FF 2011"  tikinti şirkətinə tikinti nişanının verilməsini bilirdim. Layihə İnstitutunun layihəsini əsaslandırması rəy deyil. Onlar əsaslandırıb, Bakı şəhər İcra Hakimiyyətinin başçısı da layihəni təsdiq edib. Hacıbala müəllim Nazirlər Kabinetinin qərarına görə layihəni razılaşdırıb, təsdiqləyib və qərar verib. Buna memar lazım deyil".

İttihamda yazılır ki, R.Quliyev Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən binanın, həmçinin yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi, dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verilib.

İttihama əsasən, Rasim Quliyev Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra etdiyi vaxt imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb.

Qeyd edək ki, Rasim Quliyevin yaxınları bildirir ki, həmin sərəncam Hacıbala Abutalıbovun zamanında imzalanıb.