Pandemiya və yağış taksi mafiyasına işləyir

14:50 28-09-2021 468
Bu sahədəki özbaşınalığa kim son qoymalıdır?
 
Iki ilə yaxın davam edən pandemiya hamını təngə gətirsə də, taksi mafiyası bu müddətdə meydanda «at oynatdı» desək, yanılmarıq. Hər zaman taksi sürücülüyünü ən ağır peşələrdən biri hesab etmişəm. Yayın istisində, qışın soyuğunda, yağışda, qarda bütün günü küçədə olan bu insanların işi heç də asan sayılmaz. 
Amma pandemiya zamanında taksi mafiyasına xidmət edənlərin hansı oyunlardan çıxdıqlarının hamı şahidi oldu. Sərnişinlərlə kobud rəftar, yollarda heç bir qayda-qanuna məhəl qoymamaq bir yana, hələ qiymətdə sərnişinləri aldatmaq kimi hallar da gündəmin mövzusuna çevrildi. Adi günlərdə müəyyən bir marşrut üzrə 1 manata işləyən, yaşamağın çətinliyindən gileylənən sürücülər, şənbə-bazar günləri, yaxud da, yağışlı-qarlı günlərdə həmin məzlum sürücüdən, yol kəsən quldura dönürlər. Adi günlərdə 1 manata getdikləri yol üçün insanlardan 5, hətta 10 manat tələb edirlər. Bu gün rastlaşdığım olayda da, sərinşinlə sürücü, məhz buna görə mübahisə edirdilər. Sərnişin hər gün bu yolu 1 manata getdiyini, sürücü isə yağışa görə qiymətin artdəğını sübut etməyə çalışırdı. Sanki yağış, qar yağanda yollar uzanır. Müəyyən çətinliklər olur, amma bu o demək deyil ki, sən qiyməti 5-10 dəfə qaldırmalısan. Bunun da əsas səbəbi, yol və nəqliyyat infrastrukturunun  düzgün qurulmamasıdır. Taksi mafiyası da bundan yararlanır. Əllərinə imkan düşən kimi, insanları talamaqla gəlirlərini artırmağa çalışırlar. Bu cahədə hökm sürən özbaşınalığa kim son qoymalıdlr, buna görə məsuliyyət daşıyan bir qurum varmı bu məmləkətdə?
Paralel.az