Rafael Ağayev və İlahə Qasımova da Moskvaya getmədi - YENİLƏNİB + FOTO

17:35 28-09-2021 477

1-3 oktyabr tarixlərində Rusiyanın paytaxtı Moskvada keçiriləcək Karate1 Premyer Liqa turnirində Azərbaycanın kumite millisinin iki aparıcı üzvü iştirak etməyəcək.

Bunlardan biri Tokio Olimpiadasının bürünc mükafatçısı, beşqat dünya və onbirqat Rafael Ağayevdir.

Bu barədə idmançının özü saytımıza açıqlamasında xəbəri təsdiqləyib: “Bəli, Moskvadakı yarışa getməyəcəyəm. Heç bir zədəm yoxdur. Səbəb Tokio Olimpiadasından sonra olan yorğunluqdur. Bununla belə, idman formamdan kənar düşməmək üçün hər gün fiziki məşq edirəm. Sadəcə olaraq, karate məşqləri etmirəm. İnşallah, noyabrda Dubayda keçiriləcək dünya çempionatında iştirak edəcəyəm”.

Əldə etdiyimiz digər məlumata görə, I Avropa Oyunlarında Azərbaycana ilk medalı qazandırmış İlahə Qasımova da yarışda iştirak etməyəcək. Onun anası əməliyyat olunacaq deyə, yarışa getməyib.

Qeyd edək ki, kişi kumite komandamızın baş məşqçisi Qurban Tağıyev və Tokio Olimpiadasının iştirakçısı Firdovsi Fərzəliyev də bu yarışda iştirak etməyəcək.

Xatırladaq ki, bu, böyüklərdən ibarət karate millilərimizin Tokio Olimpiadasından sonra ilk yarışı sayılır.

15:32

Milli komandamızın 1-3 oktyabr tarixlərində Rusiyanın paytaxtı Moskvada keçiriləcək Karate1 Premyer Liqası turnirində iştirak edəcək yekun heyəti bəlli olub.

 Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmov, o cümlədən 4 məşqçi, 4 beynəlxalq hakim, 22 idmançı və kata komandası yer alıb.

Kişilərdən ibarət kumite millisi baş məşqçisiz Moskvaya yola düşəcək. Belə ki, Qurban Tağıyev bu səfərdə yer almayacaq.

Kişilərin böyük məşqçiləri Şahin Xudaverdiyev və Rəşad Hüseynov, eləcə də qadınların baş məşqçisi Denis Morozovun müşayiəti ilə kumite yarışlarına Əminağa Quliyev, Hüseyn Məmmədli, Sultan Hüseynov (hər üçü -60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə, Hümmət Baxşəliyev, Tale Yaqubov (hamısı -67 kq), Rafael Ağayev, Fərid Ağayev (hər ikisi -75 kq), Turqut Həsənov, Pənah Abdullayev (hər ikisi -84 kq), Asiman Qurbanlı, Orxan Heydərli (hər ikisi +84 kq), qadınlardan isə Nuranə Əliyeva, Fidan Teymurova, Mədinə Sadıqova (hər üçü -50 kq), İlahə Qasımova (hər ikisi -55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) qatılacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə fərdi çıxışlarda Roman Heydərov və Emin Namazov, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət mübarizə aparacaq.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimovdan başqa, Anar Allahverdiyev və Rənad Əliyev dərəcə imtahanı verəcək. Bu gün Rusiyaya yola düşəcək karateçilər oktyabrın 4-də Bakıya dönəcək. Moskvadakı nüfuzlu turnirdə 55 ölkədən 441 karateçi iştirak edəcək.

Qeyd edək ki, +84 kq çəki dərəcəsində Əli Cəfərovun yerinə 84 kq-da Turqut Həsənov yarışa aparılacaq.