Yevlax sakinləri ayağa qalxdı: “İcra başçısı və deputat bizimlə maraqlanmır” – VİDEO

11:50 29-09-2021 720

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev vətəndaşları qəbul etmir. Bu barədə KanalS.az-a Yevlax rayonu Qaraməmmədli kəndinin sakinləri bildiriblər.

Yerli sakin iddia edir ki, iki aya yaxındır kəndin bir hissəsində su yoxdur: “Kənddə əvvəllər su ilə bağlı ciddi problemimiz olmayıb. Lakin iki aya yaxındır ki, 41 ailənin həm içməli suyu yoxdur, həm də həyətyanı sahələrin suvarılması üçün istifadə etdikləri artezian quyusu işləmir. Məsələ ilə bağlı rayon icra hakimiyyətində qəbula yazılsaqda, bizi qəbul edən olmadı.

Nəinki həyətyanı sahələr və əkin sahələrinin suya tələbatı ödənilmir, əhali heç içməli su da tapa bilmir. Maşını olanlar 2-3 km məsafəyə – kəndin aşağı hissəsinə gedərək su gətirir. Digər ailələr isə bunu edə bilmir. 70 yaşlı insanlar çətinliklə su daşımalı olurlar.”

Kənd sakinlərinin sözlərinə görə, İcra Hakimiyyətinə, su təsərrüfat idarəsinə dəfələrlə müraciət ediblər, ancaq müraciətləri elə müraciət olaraq da qalıb: “Həyətimizdə əkib becərdiyimiz tərəvəzlər məhv olub. 3 dəfə kənd sakinləri yığışıb rayon icra hakimiyyətinə getmişik. Lakin rayon rəhbəri Anar Tağıyev vətəndaşları qəbul etmir. Ölkə rəhbəri Anar Tağıyevi rayona nə üçün göndərib? Vətəndaşların problemlərini dinləyib, aradan qaldırılmasında yardımçı olmalıdır. Əfsuslar olsun ki, nə rayon rəhbəri nə də ki, deputat bizimlə maraqlanmır. Dəfələrlə rayonun deputatı İlham Məmmədova zəng etmişik, telefonlarımızı açmır. Biz onu nə üçün seçmişik?”- deyə sakinlər bildirib.

İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən tapılmadı.

Mənbə KanalS.az