“Azərsu” ASC-də köhnə ənənələr davam edir? - Tenderləri yenə Qorxmaz Hüseynovun qohumları qazanır

11:52 29-09-2021 621

Sentyabrın 6-da “Azərsu” ASC "lyuk qapaqlarının və yağış barmaqlıqlarının satın alınması" dair müqavilə imzalayıb. Müqavilə çərçivəsində qurum 60 ədəd yağış barmaqlığı və 1200 ədəd "Azərsu" loqosu ilə lyuk alınmalı idi. Ayrıca qiymətlər məlum olmasa da, müqavilənin ümumi dəyəri 286.032 AZN təşkil edib. Müqaviləni qazanan şirkət isə “Hidro Park” MMC-dir.

Dövlət Vergi Xidmətinin informasiya bazasına nəzər saldıqda adı çəkilən MMC-nin 24.05 2011-ci ildə təsis olunduğu məlum olur. Nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə İsgəndərov Emruz Xeyrulla oğludur. MMC-nin ünvanı Bakı şəhəri, Nəzimi rayonu “Azadlıq” prospekti, ev 132, mənzil 54-dür.

Saytında yerləşdirilən məlumata görə, “Hidro-Park” MMC şirkəti infrastruktur layihələrin təchizatı ilə məşğul olur. Azərbaycanla yanaşı digər qonşu ölkələrin neft və qeyri-neft sahəsində fəaliyyət göstərən şirkətlərinin tələbatlarının təmin edilməsini həyata keçirir. Əsas fəaliyyət istiqamətləri su və kanalizasiya, neft-qaz, sənaye və inşaat layihələridir.

Bundan başqa “Hidro-Park” MMC tikinti, neft-qaz, kənd təsərrüfatı, sənaye, telekommunikasiya, yol-inşaat, dağ-mədən sənayesində istifadə edilən texnika, avadanlıqlar, izolyasiya məhsullarının satışını və s. xidmətləri də həyata keçirir. Bu məhsullar əsasən Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərən zavodlarda istehsal olunur. Bundan başqa sifarişlərə uyğun olaraq digər məhsulların əsasən Türkiyə, Almaniya, Rusiya, İsrail, BƏƏ və digər xarici ölkələrdən idxalını təmin edir.

İnternet resurslarında apardığımız araşdırma zamanı üzə çıxdı ki, “Hidro-Park” MMC "Azərsu” ASC-nin əsas tender tərəfdaşlarından biridir. Məsələn, ASC 2019-cu il də "Hidro Park” MMC ilə 4 alqı-satqı müqaviləsi imzalayıb. Sayğac qutularının alınması üçün MMC ilə 193 min 276.92 manatlıq, son tamamlama materiallarının alınması üçün 298 min 478.53 manatlıq, dolğu mallarının alınması üçün 273 min 836.7 manatlıq, elektrik mal-materillarının alınması üçün isə 389 min 378.76 manatlıq müqavilə bağlanıb.

Məlumatlarda qeyd olunur ki, adıçəkilən şirkət, eyni zamanda “Azərsu” ASC-nin birgə fəaliyyətə cəlb etdiyi başqa şirkətlər keçmiş sədr Qorxmaz Hüseynovun qohumlarına məxsusdur. Məsələn, "Sənaye Tikinti-M” MMC-nin rəhbəri Məhəmməd Hüseynov Q.Hüseynovun qardaşı, “Hidro- İnşaat Servis” MMCnin rəhbəri Namiz Cəbrayılov isə qayınıdır.

Xatırladaq ki, “Azərsu” ASC 2020-ci ilə olan zərəri 7 milyard manatdan yuxarıdır. Şirkətin xarici kreditorlara və iş birliyində olduğu şirkətə yüz milyonlarla borcu var.

Milletinsesi.info