Lənkəranın sahil kəndini dənizə kimlər həsrət qoyub? – Sahil əraziləri imkanlı şəxslərə satılıb

11:54 29-09-2021 666

Lənkəranın Xəzər dənizinin sahilində yerləşən Vel kəndinin sakinləri dənizə həsrət qalıblar.

Kənd sakinlərinin MillətinSəsi.info-ya göndərdiyi şikayətdə bildirilir ki, yerli dövlət qurumları və bələdiyyə kəndin sahil ərazilərini imkanlı şəxslərə satıb. Nəticədə isə sakinlərinin dəniz sahilinə çıxışı faktiki olaraq bağlanıb. Sakinlər cəmi 100 metr aralıdakı sahilə getmək üçün 5-6 kilometr yol qət etmək məcburiyyətində qalıb.

Sakinlərin sözlərinə görə, illər əvvəl kənddə yeni məktəb tikilib və köhnə məktəbin ərazisi isə boş qalıb. Həmin ərazidən sakinlər rahatçılıqla gedib gələ biliblər və yeniyetmə uşaqlar  köhnə məktəbin ərazisində müxtəlif idman növləri ilə məşğul olublar. 

Amma bir-neçə il əvvəl Vel kəndinin köhnə məktəbinin 74 sot ərazisi də yerli qurumlar tərəfindən satılır. Həmin yeri alan şəxs (adını kənd sakinləri də bilmir – red) isə ərazini daş hasara alaraq sakinlərin sahilə yolunu bağlayır. Və sakinlərin də problemi bundan sonra başlayıb.

Bununla bağlı kənd sakinlərinin müvafiq qurumlara etdikləri şikayətlər də nəticəsiz qalıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başda olmaqla əlaqədar qurumlar sakinlərin problemlərini görməzdən gələrək sakinlər üçün 2 metrlik piyada yolunun da açılmasına şərit yaratmırlar.

Sakinlər həmçinin qeyd edir ki, sahilə yol bağlanandan sonra kənddə evlərin qiyməti kəskin ucuzlaşıb və əhalinin əsas dolanışıq yeri olan kirayə evlər isə boş qalıb: “Əvvəlki illərdə kəndə müxtəlif yerlərdən ailəvi istirahətə gələnlər çox olurdu. Yol bağlanandan sonra daha heç kim kəndə gəlmir”.

Sakinlər sahilə çıxışlarının həll olunmayacağı təqdirdə kütləvi etirazlara başlayacağını bildirir və problemlərinin tezliklə həll olunmasını istəyirlər.

Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəf kimi adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.