Prezident İlham Əliyev: “Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb”

12:03 29-09-2021 576

“Biz, əlbəttə, bu ittihamları rədd edirik. Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb”. Bu fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində “Hərbi əsirlərə gəldikdə, “Human Rights Watch” Azərbaycanı onları saxlamaqda, onlara işgəncə verilməsində ittiham edir. Buna cavabınız necə olardı? Xoşməramlı jest kimi, Ermənistanla onları mübadilə etməyə hazırsınızmı? sualını cavablandırarkən deyib.

Prezident bildirib: “Ermənistan hökuməti bunu təsdiq edə bilər. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq. QHT-lərin istinad etdiyi həmin şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib”.

Sonra Azərbaycan Prezidenti “Ermənistan isə iddia edir ki, siz hələ də hərbi əsirləri saxlayırsınız və həqiqəti söyləmirsiniz” sualını cavablandırıb:

“Xeyr. Həmin saxlanılmış şəxslər sinifləşdirməyə, bütün beynəlxalq konvensiyalara uyğun olaraq, hərbi əsir hesab edilə bilməz. Hərbi əsirlər müharibə zamanı əsirliyə düşmüş insanlar hesab edilir. Noyabrın 10-da müharibə dayandırıldı. Dekabrın əvvəlində biz azad etdiyimiz ərazidə erməni təxribat dəstəsinin 62 üzvünü aşkar etdik. Onlar əraziyə noyabrın 26-da göndərilmişdi. Yəni, müharibə bitdikdən 16 gün sonra. Onlar hərbi əsir hesab edilə bilməz və biz onların çoxunu xoşməramlı jest kimi artıq qaytarmışıq. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu.

Mənim bəyanatlarımda heç vaxt ərazi iddialarının əlamətlərini tapa bilməzsiniz. Mənim nəzərdə tutduğum tarixi həqiqətdir. Bu, bir tarixi faktdır ki, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar icra olunub. Bu hadisə 1920-ci ildə baş verib - 101 il bundan əvvəl".

Dövlətimizin başçısı deyib: “Tarixi torpaqlarımız haqqında danışarkən mən ərazi iddialarından bəhs etmirdim. Siz mənim heç bir çıxışımda buna rast gələ bilməzsiniz. Bununla yanaşı, hər bir ölkə kimi, biz də tariximizi bilməli, gənc nəsil qədim tariximizi bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalı və oralara necə qayıtmalı olduğunu bilməlidir. Əminəm ki, biz oralara qayıdacağıq. Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Vəziyyət normallaşandan sonra, sülh müqaviləsinə nail olunacaqsa, niyə də biz geri qayıtmayaq? Bu, bizim legitim hüququmuzdur”.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var: “Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” bizə məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan ilk növbədə Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır. Biz isə adekvat münasibət göstərəcəyik.

Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirmişik. Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq".

Dövlətimizin başçısı qeyd edib ki, Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı. “Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Müharibə zamanı və ondan dərhal sonra baş verənlərə qayıtmaq istəmədiyini söyləyən dövlətimizin başçısı deyib: “Biz Parisdən gələcək münasibətlərimizlə bağlı müsbət siqnallar aldıq və onlara müsbət cavab verdik. Müxtəlif səviyyələrdə, o cümlədən bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında təmaslar olmuşdur. Azərbaycan hər zaman əməkdaşlığa açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır: “Biz də bunu istəyirik. Ümid olunur ki, Ermənistan da istəyir. Biz bunun üzərində işləməliyik, buna diqqətlə yanaşmalıyıq və bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Bizə gəldikdə, bu çox xoşagəlməz hadisələrdən sui-istifadə etməyəcəyik. Biz səhifəni çevirmək istəyirik.

Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində “Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib” sualını cavablandırarkən deyib.

“Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır”, - dövlət başçısı deyib

Sonra Azərbaycan Prezidenti “Yəni, onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil?” sualını cavablandırıb: “Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil”.