Azərbaycanda sayt rəhbərləri və redaktorlar bəraət almayacaq –AXI NİYƏ?!

12:47 29-09-2021 450

Təsəvvür edin ki, sizin məhsullarınız öz övladlarınızın da qarşısına çıxır və qərar verirlər...

Əslində, bu yazını beş-on gün əvvəl yazmaq istəyirdim, lakin sosial şəbəkələrdə mövzu ətrafında açılan müzakirələrin sonunun nə ilə bitəcəyini gözləmək qərarına gəldim. Aktiv sosial şəbəkə iştirakçılarının yəqin yadındadır ki, bir müddət əvvəl, elə deyəsən jurnalist həmkarlarımızın özləri tərəfindən Azərbaycanda rus və Azərbaycan dillərində çıxan saytlarda gedən məqalə və xəbər başlıqlarından ibarət bir miks düzəldilərək, şəbəkəyə atılmışdı. Təbii ki, söhbət absurd, qeyri-professional və adamın dilindən qeyri-ixtiyari “səylərin qırılsın” kəlməsini çıxaran gülməli başlıqlardan gedirdi. Bir neçəsini mən də sizə xatırladım:

Qadın məktəb direktoru: "Sayt rəhbərini yerə yıxıb, üstünə oturdum..."

30 manata intim münasibət təklifi və… – Bakıda 3 qız və bir kişidən ŞOK ƏMƏL

Boşanan azərbaycanlı aparıcıya doğum günündə sevgilisi sürpriz etdi? - Gecə 12 tamamda

Aktrisa Zülfiyyə: “Həqiqətən də çox ehtiraslı məşuqəyəm”

Küçədə öpüşənləri polis güclə ayırdı - Qız buraxmaq istəmirdi

Bakının gecə klubunda biabırçılıq - başqa kişilərlə əylənən fahişəni sevgilisi döydü

Oğlumun adı Xiyar, qızımın adı Xiyarə olsun – Valideyndən tələb

10 ildir masaj salonunda fahişəlik edən Xəyalə: "Oğluma hər şərait qurmuşam"

Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi

"Dedim: "Ana, mən geyəm, oğlanlardan xoşum gəlir" – Azərbaycanda gey və lezbilər necə yaşayır?

"Baldırlarım məni seksual göstərir"

“Daş düşsün onun təpəsinə” – Mətanət qəzəbləndi

Həcc ziyarətinə gedən zəvvarlar qumar oynadı

Könülün yanına getdiyi həkim "manyak" çıxdı - Soyundurub, sinəsinə ... - VİDEO

Bakıda qadın çimmədiyinə görə qayınanasını öldürdü

Komitə sədri: "Qadınlar özlərinə hörmətlə yanaşmalıdırlar"

Vitse-spiker: "Kişilər öpüşməsin"

Orqazm koronavirusun qarşısını alan bir vasitə adlandırıldı - SEKSİN GÜCÜ

Azərbaycanda şok hadisə: yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı — VİDEO

Siyavuş Novruzov: "Əfqanıstanda "naçalnik razvetka"nın sədri işləmişəm"

Həkim: "Azərbaycan kişilərində şorgözlük çoxalıb"

"Üç muşketyor"un Dartanyanı hospitala yerləşdirilib

Şahzadə Diana naxçıvanlıdır

Bu anormal başlıqları sənə xatırlatmaqda məqsədim, əziz oxucu,  yenidən güldürmək deyil, çünki müzakirə açanların bir çoxundan fərqli olaraq, mənim niyəsə gülməyim gəlmədi onları oxuyarkən. Axı niyə?! İzah edim.

Əvvəla, ona görə ki, bu başlıqlara gülmək yox, ağlamaq lazımdır. 90-cı illərin əvvəllərindən formalaşmağa başlayan mətbuatımızın niyə bu günə düşməsinin səbəbləri araşdırılmalıdır. Günahkar indi bağında oturub, hər gün həyəcanla özü haqqında gündəlik xəbərləri “Google”-da axtarış verən Prezident Administrasiyasının keçmiş İctimai-siyasi şöbəsinin sabiq rəhbəri Əli Həsənovdurmu? Bəli, təbii ki, onun günahı çoxdur – azadlıq havasını təzəcə dadan mətbuatımızı boz-bulanıq kütləyə - üzvləri bir-birindən demək olar ki, fərqlənməyən kilsə xoruna çevirdi. Özü də o kilsədə dirijor-keşiş oldu: əlinin işarəsi ilə bütün xor o deyən kimi oxudu, kənara çıxanları isə xordan və hətta kilsədən də qovdu.

Amma artıq Əli Həsənov uzun müddətdir ki, yoxdur. Mətbuatımızda nə dəyişdi ki? Təbii ki, mətbuatı idarə etməyi (əslində müharibə dövrü istisna olmaqla ki, bu sözün özü belə, absurd səslənir – Y.M.) hədəfləyən şəxslər və qurumlar yarandı və ya müəyyənləşdi. Amma missiyalarını redaksiyalara gedib, “dejurnu” tədbirlərdə şəkil çəkdirmək, bir də jurnalistləri başlarına yığıb “bu, atın başıdır” məzmunlu seminarlar keçirməklə qənaətbəxş hesab etdilər. Elə o görüşlərdə bəndləri müzakirə edilən, haqqında çox danışılan, amma hələ də özü ortada olmayan “Mətbuat haqqında” yeni qanundan da xəbər yoxdur.

Azərbaycanda yeni mətbuat orqanı yaratmaq çox sadə və sadə olduğu qədər də mənasız və perspektivsiz bir işdir. Çünki istənilən saytı açsaq və vərəqləsək, ölkədə baş verən hər şeyi biləcəyik. Hamı bir-birini kopyaladığı üçün digərlərini heç “tıklamağa” dəyməz. Çox nadir hallarda “dişə dəyəsi” bir yazı tapmaq olur. Səbəbi çox sadədir, təkcə Əli Həsənovluq və ondan sonra, demək olar ki, elə onun dövründəki eyni mənasız qəzetlərə dövlətdən yardım alan mətbuat idarəçilərində də deyil. Səbəb həm də özümüzdədir. Hamı “prosmotr”, “aypi” dalınca qaçır.

Deyəcəksiniz ki, “neyləsin bu sayt və qəzetlər?” Siyasət yuxarıdan gələn tezislərlə yazılır, nazirliklərin fəaliyyəti ancaq press-relizlərlə ifadə olunur, oxucunu qazanmaq üçün qalır bir kriminal, bir də şou-biznes. Elə ona görə də yazıq saytlar məcburdur yuxarıdakı tipli başlıqlar və yazılar verməyə ki, oxucu sayları çox olsun və reklam alsınlar.

Razı deyiləm. Bəhanədir. Saytlar niyə “prosmotr” dalınca qaçır, bilinmir. Ölkədə normal reklam bazarı yoxdur: reklam əksərən, ya tapşırıqla, ya da tanışlıqla verilir. Onda bu “prosmotr” dalınca qaçıb, niyə həm peşəmizin nüfuzunu aşağı salır, həm də cəmiyyətimizin zövqünü korlayır, səviyyəsini aşağı salırıq? İndi hansısa sayt barədə danışanda onun yazıları barədə yox, ilk olaraq, “yüz mindən çox prosmotru var” deyirik.

Nə qədər absurd səslənsə də, cəmiyyət həbsxana kamerasında oturan məhbusa bənzəyir: ona nə versən, onu yeyəcək – kabab versən, kabab, “balanda” versən, “balanda”. Biz klassik Azərbaycan jurnalistikası ənələrini unudub, cəmiyyətə ancaq “balanda” veririk – cəmiyyətin, gənclərin zövqünün formalaşamasında maarifçi, tərbiyələndirici yox, sadəcə qara-qura xəbərçi rolunu oynayırıq. Sonra da şikayətlənirik: niyə qızlarımız “azadlıq” kəlməsini özbaşınalıq kimi qəbul edib, müvafiq həyat tərzi sürürlər, oğlanlarımız küçədə söyüş söyür, ağsaqqal-qarasaqqala hörmət etmir, arvad ərinin, uşaq valideyninin üzünə ağ olur. Cəmiyyətin bu günə düşməsində bizim də rolumuz böyükdür, ay mənim “aypisevər”, “prosmotr”dan ötrü hər şeyindən, prinsiplərindən belə keçəməyə razı olan həmkarlarım!

“Mətbuat cəmiyyətin güzgüsüdür” deyirlər. Amma biz bir ayna olaraq, yalnız ya təmiz məişət səviyyəsində neqativləri, ya da ancaq rəsmi-“rozovı” məqamları göstəririk. Birincini həvəslə, ikincini yuxarıdan gələn tezislərə görə, məcburən da olsa, edirik. Və nəticədə saytlarımızda “Nelson Mandela öldü - EKSKLÜZİV” tipli başlıqlar çıxan və əvvəllər ancaq Cənubi Amerika seriallarında gördüyümüz səhnələrlə yaşayan bir cəmiyyətdə yaşamağa məcburuq.

1996-cı ildə Hollivudda çəkilmiş “Öldürmək vaxtı” (A Time to Kill) filmindən bir səhnə yadıma düşdü. Baxmayanlar üçün qısaca deyim ki, hadisə Missisipidə cərəyən edir. İki ağ irqçi şəxs afro-amerikalıların da yaşadığı Klenton şəhərinin əhalisinə hörmətsizlik edir, onlara pivə şüşələri atır, sonra isə mağazadan evlərinə dönən 10 yaşlı qaradərili Toni adlı qızı zorlayır və asmağa cəhd edirlər. Ştatın qanunlarına görə, zorlamaya görə irqçilər ancaq 10 ilə qədər iş ala və bir müddət yatdıqdan sonra azadlığa çıxa bilərdilər. Tonyanın atası Karl Li Xeyli (Semuel L Cekson) bununla razılaşmır və məhkəmədəcə irqçiləri öldürür. İndi zorlanmış qızın atasını qaz kamerası gözləyir. Nəzərə alsaq ki, ştatda irqçilik hələ də güclüdür və andlılar məhkəməsinin ictimaiyyətdən seçilən bütün üzvləri ağdərilidir, hamı hesab edir ki, Xeylinin heç bir şansı yoxdur. Hər şey bu sonluğa doğru gedir. Lakin ağdərili vəkil Cek Brigens (Metyü Makkonaxi) sonda ağdərili andlılara müraciətində başqa yol seçir. Ölümcül səssizliyin altında gözlərini yummalarını xahiş edir və bir hekayə danışır: Kiçik bir qız mağazadan evə gedir. Birdən bir maşın gəlir, iki oğlan oradan tullanır və onu tutur. Onu yerlə sürükləyirlər, bağlayırlar, paltarlarını cırırlar, sonra üstünə uzanaraq təcavüz edirlər, spirt və tər qoxusu ilə günahsız və təmiz olan hər şeyi məhv edirlər. Bundan sonra, ana olmaqdan məhrum olan qızı döyür, ona pivə qabları atmağa başlayırlar. Daha sonra üzərinə təbii ehtiyaclarını ödəyərək, asırlar. Budaq qırılır, qız yıxılır. Onu maşına atıb 30 metr yüksəklikdən körpüdən axan suya atırlar. Qız təcavüz olunur, döyülür, sındırılır, sidiyə, sperma və qana batırılır. İndi isə gözlərinizi açın və təsəvvür edin ki, bunları ağdərili qıza qarşı ediblər...

Andlılar üçün bu səhnə çox təsiredici olur və Xeyliyə bəraət verilir. İndi mən də üzümü “10 ildir masaj salonunda fahişəlik edən Xəyalə: “Oğluma hər şərait qurmuşam” və ya “Dedim: “Ana, mən geyəm, oğlanlardan xoşum gəlir” – Azərbaycanda gey və lezbilər necə yaşayır?” tipli başlıqlar qoyan redaktorlar və sayt rəhbərlərinə tuturam: təsəvvür edin ki, bu yazıları sizin öz övladlarınız da oxuyur və daxillərində qərar verirlər. Bu qərarın gəlcəkdə Xeylidən fərqli olaraq, sizə bəraət qazandıracağına isə heç inanmağım gəlmir...(AYNA)

Yoldaş Mircəfər