Bahalaşmanın tempi artır

16:32 29-09-2021 567

Süni qiymət artımını məmur-sahibkarlar yaradır

 Azərbaycanda qiymətləri tənzimləyən Tarif (Qiymət) Şurası mövcud olsa da, bu qurum ancaq qiymət artımı məsələlərinə diqqət edir. Onun qiymətləri aşağı salmaq kimi səlahiyyəti yoxdur, bəlkə də var, biz görmədik. Buna görə də, ilk növbədə bu qurumun adını dəyişib «Qiymət Artımı Şurası» qoymaq lazımdır.

Bizdə isə bəzi deputatlar Tarif Şurasının səlahiyyətlərinin Milli Məclisə verilməsini təklif edirlər. Guya ki, onlar Tarif Şurasında oturan nazir müavinlərindən xalqa daha çox can yandıracaqlar. Bu, əsla mümkün olan şey deyil, çünki təyinatlı məmur sadəcə, verilən əmrləri kor-koranə yerinə yetirirsə, təyinatlı deputatlar da, onlardan heç nə ilə fərqlənməyəcəklər. Bu təkliflə onlar, xalqdan daha çox özlərini düşünərək, reytinqlərini yüksəltməyin qayğısına qalırlar.

Burada əsas məsələ Prezident İlham Əliyevin də çıxışlarında dəfələrlə vurğuladığı kimi, bütün sahələrdə ictimai nəzarətin gücdəndirilməsidir ki, ona diqqəti artırmaq lazımdır. Biz isə nəyi müşahidə edirik? Bütün qurumlar, guya prezidentin tövsiyyə və tapşırıqlarına əməl edirmiş kimi, onlara sərf edən formada ictimai nəzarət şuraları yaradırlar ki, onlar da Tarif Şurasından əsla fərqlənmirlər. Həmin qurumlar isə bu ictimai nəzarət şuralar simasında özlərinə qoruyucu tapmış olurlar: "Baxın, bizdə  ictimai nəzarət çox güclüdür, heç bir əyrilikdən söz gedə bilməz". Yəni, qurumların özlərinin yaratdıqları ictimai nəzarət qrupları istehsalçıların və istehlakçıların deyil, onları yaradan qurumların maraqlarını müdafiə edir.

Bu da onu deməyə əsas verir ki, Azərbaycanda ictimai nəzarət, əslində məmurların özlərini qorumaq üçün lazımdır, istehlakçıların hüquqlarını müdafiə etmək üçün yox.

Məhz bu səbəbdən də, Azərbaycanda süni qiymət artımı deyilən bir bəla, onsuzda çətin vəziyyətdə olan insanların cibinə girir və onları son qəpiyindən də məhrum edir.

Mən hansısa xarici ölkələri misal çəkərək orada elə deyil, belədir, belə deyil, elədir müqayisələri aparmaq niyyətində deyiləm. Əgər biz ölkəmizdə qiymət siyasətini tənzimləmək istəyiriksə, ilk növbədə sahibkarlar arasında rəqabət mühiti yaratmalıyıq.

Bütün idxal, ixrac sistemi yenidən qurulmalı və məmur inhisarından azad edilməlidir. Çünki bu gün Azərbaycanda qiymət artımını şərtləndirən əsas faktor məmur-sahibkar inhisarçılığıdır. Hər bir sahə məmurlar arasında ata malı kimi bölünüb və heç kim oraya yaxın düşə bilmir. Bunun hesabına da heç bir səmərəli iş görmədən milyonlar qazanırlar.

Bir şeyə də xüsusi diqqət edin, məmur-sahibkar varlandıqca, onun varlanması üçün çalışan insanlar yoxsullaşırlar.

Maraqlıdır ki, ölkəmizdə istehsal olunan məhsulların qiymətləri artdığı halda, həmin məhsulu istehsal edən fəhlənin maaşı artmır. Yaxud da, məhsulun qiyməti 2-3 dəfə artdığı halda, fəhlənin maaşı ən yaxşı halda 5-10 faiz artır.

Daha bir maraqlı məqamı diqqətinizə çatdırım. 10 gün əvvəl şənbə-bazar günləri bazarda ən yaxşı kartof 70-80 qərik, soğanın 3 kq. 1 manat, boranı 30 qəpik, balqabaq 60-70 qəpik, kələm 50-60 qəpiyə satıldığı halda, keçən şənbə-bazar günləri eyni məhsullarda qiymət diqqətçəkəcək dərəcədə artb. Babat kartof 1-1,2 manat, soğan 1kq. 50 qəpik, boranı 50-60 qəpik, balqabaq 1 manat, kələm 1-1,2 man. Dolmalıq kələm 1,5 man. Bu havadan götürülmüş rəqəmlər deyil, reallıqdır.

Heç kimə sirr deyil ki, payız bütün məhsulların toplanan, ruzi-bərəkətin bol olduğu bir dövr sayılır. Əgər indi kartof 1 manata satılırsa, 2-3 ay sonra, qışın oğlan çağında neçəyə satacaqlar? Bazarda mal satanlarla (kim deyirsə ki, onlar fermerdirlər, səhv edirlər, fermerləri heç bazarın həndəvərinə belə buraxmırlar, çünki bazarın özü də kimlərinsə inhisarındadır) söhbətim zamanı onlar da etiraf etdilər ki, malı kimlərdənsə alıb satırlar. Onların heç biri istehsalçı deyil, sadəcə dəllaldırlar, ucuz alıb, baha satırlar.

Bəlli olanı odur ki, Azərbaycan reallığında normal gəliri olan bir insanın sahibkarlıq fəaliyyəti ilə məşğul olması mümkün deyil. Çünki sahibkarlıq fəaliyyətinə başlamaq üçün sərmayə lazımdır, torpaq lazımdır. Sadə vətəndaşlarda isə bunların heç biri yoxdur. Pul və torpaq, artıq tam olaraq məmurların əlinə keçib. Azdan -çoxdan sambalı olan hər bir məmurun min hektarlarla örüş və əkin torpaqları var. Orada istehsal olunan kənd təsərrüfatı məhsullarına da, məmur istədiyi qiyməti qoyur. Fermer təsərrüfatlarının inkişaf etdirilməsi üçün ayrılan vəsait isə, əsəs etibarı ilə məmurların korrupsiya mənbəyinə çevrilir. Fermer təsərrüfatı yaratmaq istəyənlərə isə ondan cüzi ray verirlər ki, insanların gözündən pərdə assınlar.

Kənd təsərrüfatı məhsullarında müşahidə olunan son artımı isə Azərbaycan-İran münasibətlərinə bağlamağa çalışırlar. Bunun əslində heç bir əsası yoxdur. Çünki bu gün Azərbaycan bazarlarında satılan kartofun və digər kənd təsərrüfatı məhsullarının 80 faizi yerli maldır.

Burada bir maraqlı məqamı da qeyd etmək istərdim ki, ölkəmizə İran, Türkiyə, Rusiya, yaxud bir başqa ölkədən gətirilən məhsullar nədənsə, yerli məhsuldan daha ucuz olur. Əslində, bu bir poradoksdur.

Azərbaycan reallığında hər hansı bir məhsulu hardansa gətirib satmaq, sahibkar üçün onu burada istehsal etməkdən daha sərfəlidir. Məhz bu səbəbdən də, yerli istehsalçılar, həmin sahibkardan asılı vəziyyətə düşürlər.

Azərbaycana Allahu-Təalə hər şeyi bəxş edib. Millətimiz də çalışqan-daşdan çörək çıxaran  xalqdır, bəs nə üçün yoxsulluq içində yaşamalıyıq? Bunun səbəblərini aradan qaldırmaq, məgər o qədərmi çətindir?

Dünyanın hər yerində insanlar tutduğu vəzifəsindən, ictimai mövqeyindən asılı olmayaraq, həyətyanı torpaq sahəsində əkib-becərdiyi məhsulla həm özünü təmin edir, həm də artıq qalanını bazara çıxarıb satır. Azərbaycanda isə sadə vətəndaşların belə imkanları yoxdur. Bazarlarada ancaq alverçi-dəllalar mal sata bilərlər. Bu səbəbdəndə bazarda rəqabət yoxdur. Kimsə, məhsulunu istədiyi qiymətə sata bilməz, onu o andaca bazardan çıxararlar.

Azərbaycan elə bir ölkədir ki, özünü 100 faiz kənd təsərrüfatı məhsulları ilə təmin etmək, həm də həmin məhsulları xarici ölkələrə ixrac etmək potensialına malikdir. Sadəcə olaraq, bu sektoru məmur-sahibkarların işğalından xilas edib, işgüzar insanların müstəqil fəaliyyətləri üçün şərait yaratmaq lazımdır. Onda ölkəmizdə nə süni, nə də başqa formada qiymət artımı baş verməyəcək. Yox, proses bu formada davam edəcəksə, xalqın səbri tükənəcək və məmləkətimizi bu qaniçən məmurlardan özü xilas edəcək. Xalqı bu həddə çatdırmayın, bu nə xalqa, nə də sizə xeyir vəd etmir ən çox da sizə.

Yusif Seyid