Ərdoğanla Putin arasında görüş başa çatdı-YENİLƏNDİ

18:16 29-09-2021 504

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb.
Proqnoz.com: Soçi şəhərindəki “Boçarev Ruçey” iqamətgahında keçirilən görüş tamamlanıb.
Putin Ərdoğanla vidalaşarkən koronavirusa görə özünütəcrid rejiminə keçməsindən söz açıb.

        ***

Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında kritik danışıqlar Bakı vaxtı ilə saat 14.35-də başlayıb. Gözlənildiyi kimi iki dövlət başçısı təkbətək görüşüblər, daha əvvəl Kreml açıqlayıb ki, görüşdə ancaq tərcüməçilər yer alacaq.

Görüşün jurnalistlərə açıq bir neçə dəqiqəlik hissəsində Ərdoğanla Putin qarşılıqlı olaraq protokol nitqləri ilə çıxış edib.

“Cənab Ərdoğanla görüşlərimiz heç vaxt problemsiz keçmir, amma müvafiq strukturlarımız öz aralarında anlaşma əldə edə bilir”, - Putin bildirib.

O qeyd edib ki, Türkiyənin Rusiyaya qoyduğu yatırımlar 1.5 milyard dollar, Rusiyanın Türkiyəyə qoyduğu yatırımlar isə 6.5 milyard dollara çatıb. Putinin sözlərinə görə, Türkiyə ilə Rusiya Qarabağda sülhün əldə edilməsi üçün də əməkdaşlıq edirlər.

O, Türkiyənin Qarabağdakı situasiyaya təsirinin regionda sülhə imkan yaratdığını deyib. Rusiya prezidenti qeyd edib ki, Qarabağda atəşkəsə nəzarət üzrə monitorinq mərkəzinin fəaliyyəti aktiv fəaliyyət göstərir və regionda stabilliyin ciddi qarantıdır.

Ərdoğan isə Türkiyənin Rusiya ilə birlikdə atdığı addımların “böyük əhəmiyyət kəsb etdiyini” deyib.

“Suriyada sülhün əldə edilməsi Türkiyə ilə Rusiya arasında münasibətlərə bağlıdır”, - o deyib. Ərdoğan bildirib ki, Türkiyə ilə Rusiyanın münasibətlərinin hər keçən gün daha da güclənərək davam etməsində çox böyük faydalar var.