“Lombard Məlahət” niyə lombard fəaliyyəti ilə məşğul olmasını inkar edir? - İDDİA

21:34 01-10-2021 369

Məlahət Qurbanova ilə sabiq nazirin zirzəmi davası necə bitdi ? 

“Lombard”la məşğul olanlar  vergini necə ödəyir? 

Əsas mövzuya keçməzdən öncə  bir ciddi  məsələ barəsində fikirlərimizi bölüşək. Məlumdur ki, bir neçə gün öncə Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun mərmər biznesi ilə məşğul olan iş adamlarına 2 milyon manatı sələmə verməsi barədə saytlarda xəbər yayıldı.

Xəbərdən məlum olurdu ki, Tağı Əhmədovdan sələmə pul götürənlər  faizi  vaxtında qaytara bilmədiyi üçün yaranan münaqişə  hazırda məhkəmədə çözülür.  Ancaq bir neçə sual  maraqlıdır. 

Azərbaycan qanunverciliyində sələmə  pul vermək məsələsi yoxdur. Onda  faizi gecikdirən qarşı tərəfi məhkəmə necə, hansı qanunla  ittiham edəcək? Əgər Tağı Əhmədov 2 milyon manatı sələmə veribsə, qazandığı külli miqdarda  gəlirdən niyə vergi ödəməyib? 

Əlbəttə, Tağı Əhmədov  öz pulunu ( oğurluq, ya doğurluq ) sələmə verib. Ancaq bu gün xeyli sayda məmurlar xalqdan oğurlaqdıqları milyonları özləri deyil, digər şəxslər vasitəsilə  sələmə verirlər, lombard üçün istifadə edirlər. Əgər qanunda boşluq varsa, bu məsələ niyə parlament səviyyəsində həllini tapmır? Digər tərəfdən  bu sahədə vergidən yayınma niyə qanunla tənzimlənmir? 

Sözümüzün canı odur ki, Bakı şəhərində xeyli sayda  lombard fəaliyyəti göstərən  obyektlər var. Və çoxunun da qoyduqları pullar özlərinin deyil, bəzi məmurlarındır. Belə lombard sahiblərindən biri də  “Lombard Məlahət”dir. 

Söhbət “Lombard N:1”in sahibi Məlahət Moşu qızı Qurbanovadan gedir. 

Məlahət Qurbanovanın adı ilk dəfə mətbuatda  keçmiş əmək və əhalinin sosial müdafiəsi  naziri Füzuli Ələkbərovla birgə hallanıb. Məlahət Qurbanova iddia edir ki, guya lombard fəaliyyəti ilə məşğul deyil.

Bəs onda  “Lombard N:1”in saytında da  barənizdə gedən məlumatlar nədir?  Lombard Məlahət  barəsində mətbuatda gedən yazılara görə, özünü deyil, ancaq  media mənsublarını ittiham edir. 

Görəsən sabiq nazir  Füzuli Ələkbərovla aralarında olan  cinayət xarakterli əməlləri də jurnalistlər edib? Jurnalistlərin bu məsələyə nə dəxli var, Məlahət Qurbanova? 

“Lombard Məlahət”lə sabiq nazir  Füzuli Ələkbərovun davası  “Rolls-Royce”  mərkəzinin zirzəmisini bölə bilməmək  üstündə idi. 

Ümumiyyətlə, Məlahət Qurbanovanın biznes fəaliyyəti və  vergiləri ödəyib-ödəməməsi məsələsinə müvafiq dövlət qurumları aydınlıq gətirməlidir.

Məsələ ilə bağlı Məlahət Qurbanova ilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəf kimi adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mənbə  gundelik-baku.com