DTX-dən düşmənçilik çağırışları səsləndirənlərə XƏBƏRDARLIQ

21:38 29-09-2021 126

Bir sıra hallarda bəzi şəxslərin Vətən müharibəsi şəhidlərinin anım mərasimlərindən məqsədyönlü şəkildə, radikal dini-ideoloji ayrı-seçkilik təbliğatı niyyəti ilə istifadə etməklə müxtəlif dövlətlərə qarşı dini, irqi zəmində düşmənçilik çağırışları edir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı açıqlamada bildirilir.

Qeyd olunub ki, bəzi şəxslərin tədbirlərin keçirildiyi yerlərdən videoçəkilişlər apararaq yaymaları, cəmiyyətin və dövlətin mənafelərinə ziyan vuran hərəkətlərə yol vermələri təsbit olunub.

Həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunaraq qanunazidd davranışlarının qarşısı alınıb.

Dini, irqi və ya digər mənsubiyyətindən asılı olaraq nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarının Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən qaydada məsuliyyətə səbəb olduğu barədə xəbərdar ediliblər.

“Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə və təhlükəsizlik maraqlarına zidd davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaq”, - deyə DTX bildirib.

Qeyd edək ki, bir qrup şəxs şəhid məzarı önündə çıxış edərək İsrail əleyhinə danışıb.