Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışında iştirak edəcək

21:52 29-09-2021 477

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Bu barədə “Haber Global”a müsahibəsində Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bildirib:

“İşğaldan azad olunan Qarabağ torpağında bərpa işləri sürətlə davam etdirilir. Bir ildə əldə edilən nəticəni görsəniz, qürur duyarsınız.

Bir il əvvəl Şuşa, Füzuli harada idi. Füzulidəki hava limanında işlər başa çatmaq üzrədir. Orada sınaq uçuşları aparılır. Onun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. 30 ildir istifadə edilməyən yerləri xaraba qalmış vəziyyətdə gördük.

Şəhər, qəsəbə və kəndlər yenidən dirçəlir. Tikinti işləri görülür. Təbii ki, orada iqtisadiyyatın qurulması kimi məsələlər zaman aparacaq. Prezident İlham Əliyev bura ilə şəxsən maraqlanır. Bir ildə burada çox böyük işlər görülüb”, – dövlət rəsmisi bildirib.

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı artıq istismara verilib və sentyabrın 5-də sınaq uçuşu həyata keçirilib.