Əlbəyaxa dava ilə gündəmə gələn "Landau School"un sahibi kimdir? – FOTOLAR

22:16 30-09-2021 468

Xəbər verdiyimiz kimi, dünən “Landau School” özəl məktəbinin "Bayıl" korpusunun həyətində baş verən mübahisə valideynlərdən biri ilə məktəbin təhlükəsizlik xidmətinin əməkdaşı arasında davaya səbəb olub.

MillətinSəsi.info xəbər verir ki, cəmi 2 ildir fəaliyyət göstərən “Landau School” özəl məktəbi artıq paytaxtın müxtəlif ərazilərində filiallar aça bilib.

 

Məsələ belə olub. Ana öz övladını məktəbdən götürməyə gəlib. Amma şəxsiyyət vəsiqəsi üstündə olmayıb. Bu zaman mühafizəçi qadınla zarafat etməyə, ona söz atmağa başlayıb. Tərbiyəsizlik edib. Qadın mühafizəçiyə sərt cavab verib və öz övladını məktəbin həyətindəki turniketin altından keçirərək aparıb. Mühafizəçi qadının bu hərəkətindən qıcıqlanıb və başlayıb qadına qarşı "qanuni" tələblər səsləndirməyə.

Qadın mühafizəçinin tərbiyəsiz hərəkətləri barədə öz həyat yoldaşına məlumat verib. Həyat yoldaşı məktəbə gəlib və haqlı olaraq mühahizəçidən hesab sormağa çalışıb. Nəticədə mühafizəçi qadının ərini də döyüb.

Bəli, məktəbdən öz övladını götürmək istəyən valideynin şəxsiyyət vəsiqəsini təqdim etməsi təhlükəsizlik baxımından şərtdir. Ancaq bundan istifadə edən mühafizəçinin tərbiyəsiz hərəkətlərinə qətiyyən göz yummaq olmaz. Bu adam təkcə qanun qarşısında məsuliyyət daşımamalıdır.

Məktəb mühafizəçini müdafiə edir. Səbəbləri bəllidir. Bir ailəyə qarşı edilən hücumu ört-basdır etmək üçün çalışırlar. Ola bilsin ki, rəsmi açıqlama başqa şəkildə olsun. Amma məsələ bu cür olub. Valideynə qarşı əxlaqsızlıq hərəkətlər edən belə mənəviyyatsızlara qarşı böyük ictimai qınaq olmalıdır.

Məlumat üçün bildirək ki, “Landau School” Ümumi Təhsil Qapalı Səhmdar Cəmiyyəti (QSC) 09.04.2018-ci ildə dövlət qeydiyyatına alınıb. 02.05.2018-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilib.

Yeniavaz.com saytı xəbər verir ki, açıqlanan rəsmi məlumatlarda “Landau School”un qanuni təmsilçisinin Timur Leznik Yefimoviç olduğu bildirilir. “Landau School”un həmtəsisçilərindən biri də Emil Leznikdir. Emil və Timur Leznik qardaşları 2018-ci ildə eyni zamanda “Leznik and Company” MMC təsis ediblər.

Emil Leznik bu ilin əvvəlində mətbuata verdiyi müsahibədə bildirib ki, onların Azərbaycanın Xalq artisti, Rusiyanın ən böyük şirkətlərindən birinin – “Crocus Group”un vitse-prezidentidi Emin Ağalarov ilə birlikdə “LANDAU Sea Breeze” adlı layihələri var: “Layihəyə əsasən “Sea Breeze” kompleksində bir neçə korpusumuz fəaliyyət göstərəcək. Yaxın zamanlarda burada ilk korpusumuzun inşası yekunlaşacaq. Həmin korpusda “PreSchool” və ingilis bölməsinin bütün sinifləri yerləşəcək”.

İllik təhsil haqqının 8 min manat olduğu “Landau School”un təhsil üzrə direktoru isə  Yefim Leznikdir.

Qeyd edək ki, Yefim Leznik Petroviç uzun illər Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən “Xabad or Avner” yəhudi məktəbinin direktoru olub.

“Xabad Or-Avner” məktəbi 2003-cü ildən Bakı şəhərində fəaliyyət göstərir. Məktəbdə Azərbaycan vətəndaşları olan yəhudi uşaqları təhsil alırlar.

2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Xabad Or-Avner” məktəbinin təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. 

Açılış mərasimində Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev iştirak ediblər.

2016-cı ildə İsrailin Baş naziri Benyamin Netanyahu  Azərbaycana işgüzar səfəri çərçivəsində “Xabad-Or-Avner” təhsil mərkəzində olub.


Fotoda: Yefim Leznik



Fotoda: Emil Leznik


Fotoda: Timur Leznik