Azərbaycanda məktəbyaşlı qızlar minlərlə uşaq dünyaya gətirib - Abort etdirən məktəbyaşlı qızların sayı isə azalıb

22:55 01-10-2021 396

Ötən il Azərbaycanda 126 min 571 körpə doğulub.

MillətinSəsi.info açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, doğulan körpələrin 1,5%-i və ya 1 917-si 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilib.

Məlumat üçün bildirək ki, "Ailə Məcəlləsi"nin tələbinə görə Azərbaycan Respublikasında nikah yaşı 18 yaş (üzrlü səbəblər olduqda nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilir) müəyyən olunub (Maddə 10). Bu, həm də o deməkdir ki, son bir il ərzində 1 917 uşaq qeyri-rəsmi nikahdan doğulub.

Azərbaycanda 15-17 yaş həm də məktəb yaşı hesab olunur və bu səbəbdən də 1 917 körpə həm də məktəbyaşlı qızlar tərəfindən dünyaya gətirilib.

Onu da bildirək ki, məktəbyaşlı analar tərəfindən dünyaya gətirilən körpələrin sayı son illərdə sürətlə azalır.

Son 11 ildə məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı belə olub:

İllər Məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı
2010 4 103
2011 4 392
2012 3 236
2013 2 855
2014 3 296
2015 2 895
2016 2 809
2017 2 421
2018 2 129
2019 2 320
2020 1 917

Bundan başqa, son bir ildə Azərbaycanda abort etdirən məktəbyaşlı qızların sayı azalıb. 

MillətinSəsi.info-nun açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, abort etdirən məktəbyaşlı (15-17 yaş) qızların sayı 2019-cu illə müqayisədə ötən il 41% azalaraq 49 nəfərdən 29 nəfərə düşüb.

Məlumat üçün bildirək ki, ötən il ölkədə ümumilikdə 34 min 719 qadın abort etdirib və bu göstərici əvvəlki illə müqayisədə 6,9% və ya 2 min 589 nəfər azalıb.

Abort etdirənlərin 3,7% və ya 1 299 nəfəri 15-19 yaşlılar olub. Bu yaşda abort etdirən qadınların sayı ötən bir il ərzində 10,7% və ya 156 nəfər azalıb.
Müqayisə üçün son 15 ildə qeydə alınan abortların sayını təqdim edirik:

İllər Abortların ümumi sayı Məktəbyaşlı qızlar arasında abortların sayı
2005-ci il 19 586 -
2010-cu il 26 801 158
2015-ci il 27 452 50
2019-cu il 37 308 49
2020-ci il 34 719 29