Prezident İlham Əliyev Paşinyanla görüş barədə: “Ermənistan tərəfi hazırdırsa, mən də hazıram”

11:46 02-10-2021 279

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb-görüşməyəcəyinə dair sualı cavablandırıb.

Prezident İlham Əliyev “Sizin bu gün baş nazir Paşinyanla bir araya gəlməyə heç bir niyyətiniz yoxdur?” sualına belə cavab verib: “Mən hazıram və mövqeyimi artıq ifadə etdim. Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilib”.

Prezident qeyd edib ki, Nikol Paşinyanla hazır olanda istənilən zaman onunla danışmağa hazırdır.

“Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək”, - deyə İlham Əliyev əlavə edib.

Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib ki, Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar.

Dövlət başçısı Rusiya və Türkiyə prezidentlərinin (Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan) sentyabrın 29-da Soçidə keçirilən görüş barədə də danışıb. O bildirib: “Bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir”.

Sonra Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində mülki əhalinin işğaldan azad olunan ərazilərə nə zaman qayıtması ilə bağlı sualı cavablandırıb.

Prezident deyib ki, burada ilk maneə minalardır: “Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik. Dəfələrlə dediyim kimi, bu işdə bizim əsas rəqibimiz zamandır. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə Agentliyimizin heyətini artırmışıq. Bu prosesdə iştirak edən hərbçilərimizin də sayı artırılıb. Lakin bu, vaxt tələb edir. Bununla belə, minaları təmizlədiyimiz yerlərə gəldikdə, biz mülki əhali üçün artıq qəsəbələri, şəhərləri və kəndləri tikməyə başlamışıq”, - deyə, İlham Əliyev əlavə edib.

O bildirib ki, birinci gördüyümüz iş tələbatların və infrastrukturun tam nəzərdən keçirilməsi oldu: “Elektrik enerjisi infrastrukturu bu ilin sonuna, yəni bir neçə aydan sonra tam hazır olacaq. Eyni zamanda, yollara və su təchizatına aid olan məsələlər də vacibdir. Biz artıq bir neçə ay əvvəl pilot layihə olaraq kəndlərdən birinə sərmayə qoymağa başlamışıq və ola bilsin, bu ilin sonuna və ya gələn ilin əvvəlinə həmin kənd ilk sakinləri qəbul edə biləcək.

Bu proses artıq gedir. Bütün şəhərlər üçün baş planlar hazırlayırıq. Sonra isə kəndlər üçün bunu edəcəyik. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayırmışıq.

Beləliklə, bunun başlamasının dəqiq vaxtını söyləmək çətindir. Lakin proses mərhələli şəkildə başlayacaq. Qeyd etdiyim kimi, birinci mərhələ bir neçə ay davam edəcək”.