“Nə vaxta kimi ata-anam məni qucağında gəzdirəcək?” - Vətən müharibəsi qazisi

11:48 02-10-2021 207
“Mən müddətdən artıq həqiqi hərbi xidmətçi idim, 5 ay idi xidmət edirdim ki, müharibə başladı. Sentyabrın 30-da Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır yaralandım. Bu istiqamətdə hücuma keçərkən 3 ədəd artilleriya ilə bizi vurdular. Neçə saat morqda, 1 həftə komada qaldım. 12 əməliyyat keçirdim, 35 narkoz aldım. Hal-hazırda bədənimin müxtəlif yerlərində 140 qəlpəylə yaşayıram. Buna yaşamaq demək olarsa. Yaşayan ölüyəm”.
 
Bunu Moderator.az-a açıqlamasında 2-ci vətən müharibəsi qazisi Gündüz Musayev bildirib. Qazimiz diqqətdən kənarda qaldığını və səhhətinin gündən-günə pisləşdiyini bildirib.
 
 
“Dizlərimdən aşağını hiss etmirəm, sol ayağım dizdən aşağı iflicdir, sağ ayaqda da 3 faiz sinir oyadıblar. Uzun müddət mənə masaj, tok lazımdır. Bağırsağımın 3/1 faizini kəsiblər. Bu vaxta qədər heç kim gəlib yardım göstərməyib, kömək etməkləri bir yana, heç gəlib maraqlanmayıblar da. Bir az dava-qırğınla "Yaşat" fondu müalicəmə köməklik edib.

Bərdə rayonu, Dəmiryol Vağzalında yaşayıram, nə İcra hakimiyyətindən, nə də ki, səlahiyyətli qurumlardan bir insan gəlib soruşmayıb ki, nə problemin var? Evə pul gətirən yeganə şəxs mən idim, indi mən də canımla əlləşirəm. Maddi imkanım olmadığından müalicəmi davam etdirə bilmirəm, gündən-günə də vəziyyətim pisləşir. Atam da, anam da nitq qüsurludur, nə danışır, nə də eşidirlər.

Nə vaxta qədər nitq qüsurlu ata-anam məni qucağında gəzdirəcək?! Çox istərdim ki, yaşadığım evin şəraitini yaxşılaşdırıb, müalicəmin davam etdirilməsinə köməklik göstərsinlər, ən əsası isə məni elektron idarə olunan əlil arabası ilə təmin etsinlər. Mənim qardaşım da vətən müharibəsində iştirak edib, Kəlbəcər, Murovdağı istiqamətində döyüşüb. Ağrılarım çoxdur, dözülməz dərəcədədir. Çox heyf ki, şəhid olmadım, belə yaşamaq mənə əzab verir. Mən heç müharibədən sağ qayıdacağımı düşünmürdüm, düşmənin üzərinə gedirdim”,
 - deyə qazimiz bildirib.

Mənbə Moderator.az