Arzu Rəhimovun daha bir işçisi həbs olundu: SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin əməkdaşı rüşvət alarkən yaxalanıb

13:29 04-10-2021 297

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən həbs edilib. 

Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı Rauf Həmidov, ölkə xaricində olan Hacıqabul rayon sakini, 1997-ci il təvəllüdlü Şamil Əliyevin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinədən keçirilməsini, növbəti çağırışadək təxirə salınmasını təşkil etmək müqabilində sonuncunun atasından rüşvət alarkən cinayət başında yaxalanıb.

Rauf Həmidov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilib, barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.