Suraxanı rayonunu torpaq bazarına çevirən kimlərdir? - İDDİA

15:19 04-10-2021 774

Hazırda Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olan Əziz Əzizovun hələ Cəlilabad və Yasamal rayonlarında törətdikləri bir çox özbaşınalıqlar barədə dövrü mətbutda yazılanların üstündən hardasa sükutla keçmək olar. Amma Suraxanıya təyin olunduqdan sonra az qala iki il ərzində rayon ərazisində, boş torpaq sahələrində, istismar müddəti bitmiş neft quyularının üstündə tikinti aparılmasına verilən icazələrin artmasının üstündən sükutla keçmək olmur.

Aktualinfo.org hələ bir neçə ay öncə Bakı şəhəri Nizami rayonu Ə. Kurcalı ev 6, mənzi 46-da yaşayan birinci Qarabag müharibəsi əlili, ehtiyyatda olan kapitan Fərziyev Güləli Şahüseyn oglu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və digər aidiyyatı qurumların rəhbərlərinə ünvanlanmış müraciəti həm də geniş oxucu kütləsinin diqqətinə çatdırmışdı.

Sözügedən müraciətdə vətəndaş Güləli Fərziyev yazırdı ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən torpaq sahəsi Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun göstərişi ilə bağlı hasara alınıb və ticarət məgsədi ilə tikinti işləri başlanılıb.

Qeyd edək ki, onun bu müraciətini bir neçə dəfə işıqlandırsaq da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Suraxanı rayon İcra Hakimiyyətinə rəsmi müraciətlər etsək də, həmin ərazidə aparılan qanunsuz tikilinin qarşısı alınmadı, əksinə daha da sürətləndirildi və artıq başa çatdırılıb. Vətəndaş Giləli Fərziyev sözügedən müraciətində həmin torpaq sahəsini maşınların dayanması, məktəbə gedib-gələn valideyn və uşagların rahat hərəkət etməsi üçün tərəfindən abadlaşdırıldığını bildirirdi.

Həmçinin qeyd edirdi ki, bir sahibkar və qazi kimi mən dövlətimizə və xalqımıza xidmət etməyi düşünürdüm. Ağaclar əkmişdim, su olmadığından artezian quyusu qazmışdım və həmən ağaclara qulıluq edirdim, hətta vedrələrlə ağaclara su verirdim ki, inkişaf etsinlər. Mən həmin əraziyə beş-altı yüz maşın torpaq daşıtdırmışdım. Bu ərazini mənim və balalarımızın əlindən aldılar.

Birinci Qarabag müharibəsi əlili, ehtiyyatda olan kapitan Güləli Fərziyev aktualinfo.org-a bir daha müraciət edərək  Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən Yeni Suraxanı qəsəbəsində ona məxsus olan 40 kvadratmetr kafenin sənədləri olmasına baxmayaraq sökülməsinə göstəriş verilib. Halbu ki, həmin ərazidə, 316 saylı tam orta məktəbin qarşısındakı boş torpaq sahəsində onlarla qanunsuz tikilinin aparılması məhz Əziz Əzizovun rəhbərliyi altında həyata keçirilir, heç kimə də gözün üstündə qaşın var deyən yoxdu.

Sözügedən ərazidə apardığımız araşdırımalar sözün əsl mənasında təəccübümüzə səbəb oldu. Məlumat üçün bildirmək istərdik ki,”Sədərək” Ticarət Mərkəzi məhz Bakı hava limanına yaxın olduğundan, əhalinin təhlükəsizliyini təminat altına alınması baxımından başqa yerə göçürülməsi məqsədəuyğun hesab edilmişdi.Bəs sözügedən ərazilərdə indi nələr baş verir? Hazırda Binə südçülük sovxozunun, boş qalmış torpaq sahələrində, “Sədərək” Ticarət Mərkəzinin yerində, “Buta Palas” şadlıq sarayı ilə 316 saylı məktəbin arasında olan torpaq sahələrində və Ramanıda hektarlarla ərazilər hasarlanır, tikinti işləri aparılır. Bütün bunların hamısı isə Əziz Əzizovun Suraxanı rayonuna İcra başçısı təyin edilməsindən sonra baş verməsi özlüyündə çox şeylər ifadə edir.

Məlum olduğu kimi “Sədərək” və “Binə” Ticarət Mərkəzlərinin köçürüldükdən sonra yerində ağaclar əkilmiş,yaşıllıq salınmışdır. Lakin indi “Sədərək” Ticarət Mərkəzinin yerində salınmış yaşıllıqdan əsər-əlamət belə qalmayıb. Əgər ticarət mərkəzi əhalinin təhlükəsizliyi xatirinə köçürülürdüsə, indi həmin ərazilərdə fərdi yaşayış evlərinin,obyektlərin tikintintisinə necə icazə verilir? Məgər həmin təhlükələr indi qalmır? O cümlədən “Buta Palas”la 316 saylı məktəbin arasında olan torpaq sahəsində. Bu ərazilər də vaxtı ilə Dövlət Neft Şirkətinin balansında olub.

Hazırda burada, istismar müddəti bitmiş neft quyularının üstündə geniş tikinti işləri aparılır. Hansı ki, bütün bunlar da əsl təhlükə mənbəyidir, amma nədənsə göz yumulur. Çünki, ərazi Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla “Surakhanı Oil Operation Company S.A.” -nın icraçı direktoru Arzu Sarıbalayev tərəfindən ticarət obyektinin tikilməsi məgsədi ilə satılıb və satımaqda davam edir. İşbazlar isə sakinləri susdurmaq məqsədi ilə, heç kimin şikayət etməməsi üçün yüksək çinli dövlət məmurlarının adlarını hallandırırlar.

Hələ bu harasıdır. Əldə etdiyimiz məlumatlara görə Suraxanı rayonu İcra Hakimiyyətindən yuxarı instansiyalara, daha çox da Prezident Adminstrasiyasına ünvanlanan şikayət məktublarına heç baxılmır da. Buna səbəb isə məlumatlara görə Suraxanı rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, sevimli yeznə Rəşad Hacıyevdir.

Deyilənlərə görə İcra başçısının birinci müavini Prezident Adminstrasiyasında çalışan yüksək çinli bir məmurun kürəkənidir. Başçı Əziz Əzizovda birinci müavininin bu qohumluq tellərindən məharətlə istifadə edərək Suraxanıda istədiklərini reallaşdırır.

P.S. Mövzu ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətilə əlaqə yaratmaq çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəf kimi aidiyyati qurumların və adları çəkilən şəxlərində münasibətin ictimailəşdirməyə hazırıq.

Mənbə Aktualinfo.org