Biləsuvarda 160 ailə qazsız qalıb

11:46 05-10-2021 468

Biləsuvar rayonunda 160 ailənin yaşadığı yaşayış massivində qaz xəttinin çəkilməməsi sakinlərin narazılığına səbəb olub.

“Report”un Muğan bürosu xəbər verir ki, sakinlər Bəydili bələdiyyəsinə məxsus torpaqları elə bu yerli özünüidarəetmə orqanından alıblar və qısa müddət ərzində fərdi yayaşış evləri tikərək burada məskunlaşıblar.

Sakinlər son illər ərazidə küçə elektrik xəttinin tam olaraq yenidən qurulmasından razıdılar. İndi onları daha çox qazın olmaması narahat edir. Sakinlər qeyd edirlər ki, bu ərazidə 5 küçənin qazlaşdırılması üçün yaxın ərazidən qaz xətti də keçir. Lakin qaz xəttinin çəkilməsi üçün onların son illər əlaqədar təşkilatlara etdiyi təkar müraciətlər yenə də cavabsız qalıb.

“Azəriqaz” istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev açıqlamasında bildirib ki, bu barədə məlumatlıdırlar.

Onun sözlərinə görə, adıçəkilən ərazinin qazlaşması “Azəriqaz” İstehsalat Birliyinin Tədbirlər Planına salınıb: “Hazırda ölkədə qazlaşma mərhələli şəkildə həyata keçirilir. Həmin kəndin qazlaşmasının həyata keçirilməsi növbəti ilin Tədbirlər Planında nəzərdə tutulub”.