Rasim Quliyevin məhkəməsində “FF” Mənzil Tikinti Kooperativin təsisçisi Tamilla İbrahimova dindirilib

11:47 05-10-2021 360

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “FF” Mənzil Tikinti Kooperativin təsisçisi Tamilla İbrahimova ifadə verib.

O bildirib ki, 2011-ci ildən şirkətin təsisçisidir: “Təqsirləndirilən şəxsin ittiham olunan maddələrlə bağlı istintaqda dindirilməmişəm. Mənə bu barədə məlumat verilməyib, üzləşmə olmayıb. Bakı Şəhəri İcra Hakimiyyətində Rasim Quliyevi görməmişəm. Dövlət Şəhərsalma və Tikinti Arxitektura Komitəsinin indiki rəisi Anar Əliyev o vaxt müavin idi, o da mənə Rasim Quliyev haqqında heç nə demədi.

2012-ci ildə Dilarə Əliyeva küçəsində pul əvəzinə yer verdilər. Sonradan dedilər ki, orada park olacaq. Mən icra hakimiyyətinə müraciət etdim. Yer veriləcəyini bildirdilər. Sonra Dilarə Əliyeva küçəsi 145-dəki evləri aldıq, layihəni hazırladıq. Akif Abdullayev mənə memar təklif etdi. Həmin memar bizimlə işləməyə başladı. Layihəni aparıb Akif Abdullayevə göstərdim. Söylədi ki, bina böyükdür, azaldaq. Layihəni azaltdım, bütün qurumlardan təsdiqlətdim və Akif Abdullayevə təqdim etdim.

Daha sonra mənə icra hakimiyyətində şöbə müdiri olan Zülfəli dedi ki, Hacıbala müəllim həmin ərazidə tikinti aparmağı qadağan edib. 2015-cü ildən isə söküntüyə başladıq”.

T.İbrahimovanın sözlərinə görə, 2014-cü ildə Dilarə Əliyeva küçəsi 145 ünvanındakı işlər üçün şirkətdən 17 milyon manat pul ayırıb: “Sonra dedilər ki, mənim 2013-cü ildə aldığım sərəncam 2014-cü ildə ləğv edilib”.

Məhkəmənin növbəti iclası oktyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, rəsmi məlumata görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.