Baş Prokurorluq "Günay Bank"ın iddialarına cavab verdi

13:58 05-10-2021 315

Baş Prokurorluq “Günay Bank"ın iddialarına cavab verib.

Qurumun mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

“Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barəsində daxil olan məlumat əsasında cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti tərəfindən 04 oktyabr 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.

Bu gün “Günay Bank” ASC tərəfindən bir sıra kütləvi informasiya vasitələrinə açıqlama verilərək, iş üzrə təqsirləndirilən şəxs Rauf Hüseynovun guya bir müddətdir ki, tutduğu vəzifədən azad olunduğunu, onun qeyd edilən bankda işlədiyi müddətdə hər hansı qeyri-qanuni əməlinin öz təsdiqini tapmadığını, ümumiyyətlə R.Hüseynovla bağlı yayılan məlumatların "Günay Bank"la heç bir əlaqəsinin olmadığını bildirilib.

Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, Rauf Hüseynov “Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 20 fevral 2018-ci il tarixdən - 29 sentyabr 2021-ci il tarixədək işləyib.

Qanunsuz əməllərlə bağlı daxil olan əməliyyat məlumatı əsasında 15 sentyabr 2021-ci il tarixdə Rauf Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilib, aşkar edilən cinayət faktları ilə bağlı 16 sentyabr 2021-ci il tarixdə cinayət işi başlanıb və yalnız bundan sonra, yəni, 29.09.2021-ci il tarixdə R.Hüseynov tutduğu vəzifədən azad olunub.

Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunan məlumatları yaymaqdan çəkinməyə çağırır".

Baş Proqkurorluğun dünən yaydığı məlumatda bildirilirdi ki, “Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Müəyyən edilib ki, 7 saylı filialın müdir müavini Rauf Hüseynov 2018-2021-ci illər ərzində yaxın qohum və tanışlarının adına 585 şirkət təsis etməklə həmin şirkətlərin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasına nail olub.

Rauf Hüseynovun işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürülərək rəsmi möhür və elektron imzalardan istifadə edib nağdlaşdırmasına və bununla da, qanunsuz olaraq xüsusilə külli miqdar təşkil edən 780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranıb.

İş üzrə toplanmış sübutlar əsasında Rauf Hüseynov Cinayət Məcəlləsinin 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət iş üzrə əlavə halların, eləcə də digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq tədbirləri davam etdirilir.