Türkiyədən İrana XƏBƏRDARLIQ – SENSASİYA

17:34 05-10-2021 261

Azərbaycan sərhədində toplaşan və təlimlər keçirən İran ordusunda türk əsilli əsgərlər var. Bu əsgərlərin çoxu “Boz qurd” salamını sosial media hesablarında paylaşır. İran Azərbaycanı hədəf aldığı təlimdə türk əsilli əsgərlər təyin edərək nə etməyə çalışır? Türkü türkəmi qırdırmağa çalışır? Əgər belədirsə, əlində tutduğu bombanın öz əlində partlayacağını düşünürmü?

Proqnoz.com Axar.az-a istinadla xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Taha Dağlı deyib.

Onun sözlərinə görə, Qafqazda tənlik dəyişib: “İran bu tənlikdə yoxdur. Xüsusilə Zəngəzur dəhlizinin açılışı İran üçün qorxulu bir yuxudur. Ermənistanı dəstəkləyir, Azərbaycana qarşı çıxır. Türkiyə, Azərbaycan və öz sərhədlərində təzyiq altında tutduqları ən az 25 milyon türk əhalisinin olması onları çox narahat edir.

Xüsusilə son dövrdə Türkiyə, Pakistan və Azərbaycanın birgə həyata keçirdiyi Üç qardaş-2021 beynəlxalq təlimi İranın bütün qorxularını üzə çıxardı. Qarabağ savaşında Ermənistana qanunsuz olaraq maddi-texniki dəstəyi artırdılar. Bakı buna reaksiya verən zaman Qarabağ zəfərinin ildönümündə Azərbaycanla sərhəddə əsgərləri toplayıb təlimə başladılar”.

Taha Dağlı qeyd edib ki, İran Azərbaycanı hədəf alarkən sığındıqları səbəb də maraqlıdır:

“Azərbaycanın İsraillə yaxınlığından şikayətlənirlər. Bəli, Azərbaycan Türkiyə ilə olduğu kimi, İsraillə də sıx əlaqələri olan bir ölkədir. Amma Azərbaycanda İsrailin hərbi bazası yoxdur. Azərbaycanın İsraildə səfirliyi belə yoxdur. İran isə İsrail-Azərbaycan münasibətlərində gərginlik yaradaraq, “sərhədimizin sionist bazasına çevrilməsinə icazə verməyəcəyik” deyə, Azərbaycanla sərhədinə qoşun toplaya bilir.

İran İsrail bəhanəsi ilə təkcə Azərbaycanı hədəf almadı. Keçən il Qarabağ savaşında CHP-dən Ünal Çeviköz Türkiyənin Suriyadan Qarabağa cihadçı göndərdiyi barədə böhtan atmışdı. Nəhayət, İran bu yalana sığındı.

İran ordusunun briqada generalı Kəyumərs Heydər “İŞİD terrorçuları keçən il Qarabağ savaşına gətirilmişdi, bu təlimdə İŞİD-ə qarşı mübarizə aparacağıq” deyib. Türkiyə və Azərbaycanı İŞİD terror təşkilatı ilə əməkdaşlıqda günahlandırır, provokasiyalarını İsrail-Azərbaycan əlaqələri ilə yanaşı, İŞİD-Türkiyə-Azərbaycan anlayışı ilə tamamlayırlar.

İran yenidən səhv yoldadır. İraqda PKK terrorçuları ilə qol-qola girib Türkiyəyə hücum etməyə çalışdıqları kimi, Qafqazda da böyük bir səhv edirlər.

“Boz qurd” salamı son günlər orduda olan türk əsilli əsgərlər arasında geniş yayılıb. Bu, əslində tamamilə simvolik bir mesajdır. Mesajın nə olduğunu soruşsanız, bu, türk əsilli əsgərlərin İranın son fəaliyyətlərindən ciddi şəkildə narahat olduqları və öz içlərində səfərbər olmağa başladıqları mesajıdır.

Türkiyə hələ də yaxşı niyyətini qoruyub sanki İrana “ağlını başına topla” sarsılmaz qardaşlığı vasitəsilə xəbərdarlıq etdi”.

Mənbə Axar.az