Azərbaycanda ailə həkimi institutu formalaşıbmı?

16:54 06-10-2021 180

Ədalət Rüstəm: "Bizdə ailə həkimi institutunun formalaşması hələ tezdir, bunun üçün icbari tibbi sığorta otruşmalı və normal iş rejimində çalışmalıdır"

 Son illər ailə həkimi anlayışı Azərbaycanda çox tez-tez müzakirə mövzusuna çevrilir. Bu günlərdə kiçik bir sağlıq problemi ilə ərazidə fəaliyyət göstərən poliklinikaya getməli oldum. Poliklinikada "Sahə həkimi" yazılan lövhə "Ailə həkimi" yazılan lövhə ilə əvəzlənmişdi. Otağa daxil olanda elə əvvəlki kimi bir neçə sahə həkiminin bir otaqda əyləşdiyini gördüm. Soruşanda dedilər ki, biz artıq sahə həkimi deyil, ailə həkimiyik. Soruşdum ki, bəs fəaliyyətinizdə necə, bir dayişiklik varmı? Həkimlərdən biri cavabında bildirdi ki, heç bir dəyişiklik yoxdur, elə əvvəlki qayda və rejimlə işləyirik.

Bildiyimiz qədər sahə həkimi ilə ailə həkiminin xeyli fərqləri var. Azərbaycanda nədən ailə həkimi ilə sahə həkiminin fəaliyyətində heç bir fərq yoxdur?

Sualla professor Ədalət Rüstəmə müraciət etdik. Professor bildirdi ki, icbari tibbi sıqortaya keçildikdən sonra, sadəcə sahə həkimlərinin adını dəyişdirib qoydular Ailə həkimi: "Əslində isə hələ Azərbaycanda ailə həkimi institutu formalaşmayıb. Tibbi sığortaya keçidə hazırlıq elementlərinin içərisində ailə həkimi institutunun yaradılması da olmalı idi. Lakin sonradan bəlli oldu ki, heç tibbi sığortanı həyata keçirmək üçün belə, vəsait çatışmır. Azərbaycanın dövlət büdcəsi təxminən 16 milyard dollara yaxındır, bu gün bütün dövlət büdcəsini belə, tibbi sığortaya yönəltsələr, yenə də Azərbaycan vətəndaşının bütün səhiyyə problemlərini qarşılaya bilməzlər. Belədə isə bizim sığorta büdcəmiz cəmi bir milyard manatdır. 10 milyon əhali üçün bu çox cüzi məbləğdir.

Ailə həkimi institunun yaradılması üçün də vəsait lazımdır. Ən azı hər 5 min əhaliyə bir ailə həkimi xidmət etməlidir. Dünyanın inkişaf etmiş ölkələrində ailə həkimi ailənin birinci təmasda olduğu həkim sayılır. Ailə həkimi mütəmadi olaraq ailə üzvlərini müayinə edir, onların sağlıq durumunda hər hansı bir problem tapdıqda dərhal ixtisaslı həkimlərə yönəldir. Ailə həkimlərinin maliyyələşdirilməsinə gəldikdə, bu da fərqli şəkildə reallaşır. Bu məsələdə ya ailələr özləri fərdi şəkildə ailə həkimini seçir və onunla müqavilə bağlayır. Ailə üzvləri xəstələndi-xəstələnmədi həkimin müqavilədə nəzərdə tutdulan xidmət haqqını ödəyir. Vətəndaşı dövlət sığortalayıbsa, o halda sahə həkimini də icbari tibbi sığorta təyin edir".

Mütəxəssis bildirdi ki, bizdə ailə həkimi institutunun formalaşması hələ tezdir, bunun üçün icbari tibbi sığorta otruşmalı və normal iş rejimində çalışmalıdır.

Akif Nəsirli

Paralel.az