Dost-doğma problem

20:36 06-10-2021 261

Ona düşmən olmaq isə qurtuluş...

 Problemlərdən xali olmayan ölkədə ondan istənilən qədər tapmaq olar. Mümkün haldır, həyat varsa, çətinlik, problem də onunla dabanbasma gedəcək. Lakin bu gedişatda onun dabanbasma izləyicisini də “tərksilah” etmək olar. Təbii, problem də insan övladının daim gizlənən, lakin fəsadı açıq görünən düşmənidir ki, onu vaxtında məhv etməsək, o bizi “öldürəcək”. Bu dırnaqarası sözü havadan demirəm, doğrudan da, problemi həll etməsək, o bizi həyatdan, gün üzünə çıxmaqdan, göy üzünə baxmaqdan məhrum edəcək. Axı problemin, çətinliyin, adamı qarabaqara izləyənlərin bolluğunda vaxt nə gəzir başımızı göy üzünə qaldırmağa?!

Bu mənada, ömrümüzün-günümüzün, həyatımızın mənasını, yediyimizin-içdiyimizin dadını-duzunu bilmək istəyiriksə, problemə yox deməliyik. Mikrobu vaxtında məhv etməliyik ki, o bizi məhv etməsin. Yoxsa...

Bu, hamının məsuliyyəti, öhdəliyi deyilsə də, hamının bir mənəvi vəzifəsidir ki, problemin müəyyən hissəsinin həllini öz üzərinə götürsün. Zatən, problem öz-özünə yaranmır, onu yaradan da elə bizik - dünyanın əşrəfi adlandırılanlar...

Gündəmdə payız-qış mövsümü olmuşkən, gəlin ona vaxtında hazırlaşmağımızdan, ənənəvi qışa hazır(sız)lıqdan danışaq. Zatən, işimiz-gücümüz danışmaqdan o tərəfə keçmir ki, problem də yaranır...

Deməli, bu payız-qış mövsümünü də küçələrdə qayıqla keçirəsi olacağıq. Əlaqədar qurumların kəramətindən, yağan yağış paytaxt küçələrində elə bir mənzərə yaratdı ki, nə “qızılı payız”ı, nə əlvan yarpaqların romantik mənzərəsini, nə də bu fəslin başqa özünəməxsus ab-havasını duya, görə bildik. Gördüyümüz yalnız və yalnız, küçələrdə selə dönən yağışın yaratdığı mənhus mənzərə oldu. Yenə də əlaqədar qurumların yarıtmaz işinin ucbatından, bu fəslin özünəməxsusluğundan, fəsillərə örnək palitrasını görüb-hiss etməkdən məhrum olduq. Zövq məsələsindən heç danışmağa da dəyməz.

İnsana dəyən, toxunan isə odur ki, problemlərə əlavə, qismən deyil, birbaşa məsul olan qurumlar həmişəki kimi, “öz gözündəki qılı görmür, amma başqasının gözündə tir axtarır”. Bunu, qeyd-şərtsiz, hər məqamda görmək, sezmək mümkündür. Uzağa getmirəm, bugünlərdə Binəqədi sakinlərinin kabusuna çevrilən problemin - yeraltı kanalizasiya suyunun, yağıntının nəticəsində küçələrdə göllərin, çalaların, axarların yaranmasının, üfunətin “baş çatlatması”nın günahkarı da heç demə, binəva sakinlərmiş. Çünki yerli bələdiyyə sözçüsü deyir ki, əslində, sözügedən ünvanda yaşayanlar ərazini qanunsuz zəbt ediblər. Yəni orda əsasən, gecəqondular inşa edilib. Belə çıxır ki, bu böyüklükdə ərazidə gecəqondular tikilərkən, heç kim onu görmədi, amma problem yarananda, sakinlər onun həllini tələb edəndə məlum olur ki, ərazi qanunsuz zəbt edilib və yaranan çətinliyi həll etmək də qanundan kənardır...  

Deməyə, danışmağa söz çoxdur, doğma problemlərimiz kimi. O qədər bizimlə birgəyaşayışda olub ki, probemlərlə doğmalaşmışıq. Nə o bizdən ayrılıb gedə bilir, nə də biz onu özümüzdən uzaqlaşdırmaq iqtidarındayıq. Amma belə getsə, problemə düşmən olmasaq, onun məsələsini həll edə bilməyəcəyik.

Əlaqədar qurumların təmsilçiləri, bizlər yazmaq, danışmaq, söyləmək, bəhs etmək, ictimailəşdirmək məsuliyyətimizi həmişə, elə bu anlarda da yerinə yetiririk. Gördüyünüz, yəni oxuduğunuz kimi. Sizlərdə də aidiyyatı demirəm, heç olmasa, vətəndaş mövqeyi olsun ki, küçədə yaranan göllərdən, axan sellərdən, dolaraq fəvvarəyə dönən kanalizasiya quyularından salamat qurtula biləsiniz. Hər halda, vəzifənin kiməsə yuxarıdan baxmaq üçün deyil, aşağılara xidmət naminə sizə verildiyi zamanda yaşayırıq. Bunu zatən, hər an deməsə də, hüququndan xəbərdar olan insanların hamısı gözəl bilir. İşinizdə olun! Fəqət adət etdiyinizlə deyil, sizə tapşırılan işinizlə məşğulluqda!

Nigar Orucova