Apteklərdə qiymət özbaşınalığı

20:43 06-10-2021 522

Dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənsə də, qiymətlərə nəzarət edən dövlət qrumu yoxdur

Artıq neçə illərdir ki, ölkəmizin apteklərində satılan dərman pereparatlarının böyük əksəriyyətinin qiyməti dövlət tərəfindən tənzimlənir. Belə ki, Tari (Qiymət) Şurası dərmanların qiymətlərini təsdiqləyir və apteklərdə dərmanlar şuranın müəyyən etdiyi qiymətlərlə satılmalıdır. Lakin paytaxt Bakının apteklərində belə, dərmanlar Tari (Qiymət) Şurasının təsdiqlədiyi qiymətlərdən baha satılır. Belə ki, əczaçılar az satılan və aşağı qiymətli dərmanların əksəriyyətini Şuranın təsdiqlədiyi qiymətə satır. Amma çox satılan dərmanları tələbata uyğun olaraq bahalaşdırır, bu qiymət fərqindən isə apteklər əlavə qazanc əldə edirlər. Gündəlik həyatında apteklərdən mütəmadi dərman alan vətəndaşlar da bunu hiss edə bilər. Əslində,  bu ciddi qanun pozuntusudur. Dərmanlar qanuna əsasən Tari (Qiymət) Şurasının müəyyənləşdirdiyi qiymətə satılmalıdır. Amma, sən demə, bu məsələyə nəzarət edən heç bir dövlət qrumu mövcud deyil.

 Məsələ ilə bağlı Tari (Qiymət) Şurası ilə əlaqə saxladıq. Şuradan sorğumuza cavab olaraq bildirildi ki, onlar dərmanlara yalnız qiymət qoyur, qiymətə nəzarət isə onların səlahiyyətinə aid deyil.

Səhiyyə nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı bildirildi ki, nazirlik yalnız apteklərin tibbi-gigenik və sanitar normalara riayət edilməsinə nəzarət edir və onlara lisenziya verir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə bildirdilər ki, dərman vasitələrinin qiymətlərinə nəzarət onların səlahiyyətlərinə aid deyil, onlar yalnız digər bazarlara nəzarət edirlər.

Belə çıxır ki, Tari (Qiymət) Şurası hansı qiyməti qoymasından asılı olmayaraq, apteklər dərmanları istədikləri qiymətə satacaq, onların bu qanunsuz əməlini isə heç kim durdura bilməyəcək?

A.Nəsirli