“AZƏRSU” Beyləqan idarəsindən əhali çox narazıdır

20:52 06-10-2021 405

Novruz Şirinov adamları işə rüşvətlə götürür

Qorxmaz Hüseynov “AZƏRSU” şirkətinin rəhbərliyindən yola salınsa da, onun şirkətə və rayon sturukturlarına yığdığı bəlli kadrlar hələ də sabiq müdirin qoyduğu qaydalarla işləyir.

Şirkətin köhnə müdirinin abı-həvası ilə çalışan rayon rəhbərlərindən biri də Beyləqan rayon su təchizat idarəsinin əvəzolunmaz müdiri Novruz Şirinovdur. O, 12 ildən çoxdur həmin idarənin müdir kreslosundan elə yapışıb ki, onu heç bir qüvvə həmin kreslodan qopara bilmir.

Çünki Novruz Şirinov zamanın nəbzini tutmağı bacarır və heç kimi işə haqsız götürmədiyi kimi, rayon rəhbərliyinin haqqını da vaxtında verir. Hər idarə müdirinin hünəri deyil ki, 4 icra başçısı ilə dil tapıb işləməyi bacarsın, amma Novruz Şirinov bacarır.

Ayda 1500 manat əmək haqqı alan və hər işçidən də əlavə haqq alan Novruz Şirinova Beyləqanda ad da qoyublar – Tuz Novruz!

Novruz Şirinovu Tuz edən, bu həddə çatdıran rüşvət və korrupsiya əməlləri ( işçilərdən aylıq haqq aldığı, saxta sənədlər tərtib edərək, su sistemində olmayan çatışmazlıqlara əlavə yazılan naryad”lar və s) hazırda da davam edir. Beyləqan şəhər əhalisi isə ilboyu normal içməli su üzünə həsrət qalıb.

Əsas olan odur ki, Novruz Şirinov əvvəlki müdirindən öyrəndiyi dolayı yollarla yeni rəhbərliyin də bığının altında keçməyi bacardığını deyirlər.

Paralel.az