Yumurtanın qiyməti niyə bahalaşdı?

21:05 06-10-2021 369
"Yumurtanın bahalaşmasının səbəbləri müxtəlifdir. Birincisi, Azərbaycan özünün yumurtaya olan ehtiyacını ödəyə bilmir”.
 
Bunu Qaynarinfo.az-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi norma adam başına 191 ədəddir. Azərbaycanda isə 2021-ci ildə adam başına 174 ədəd istehsal olunub:
 
"İkincisi, günlər gödəlib və kənd yumurtası istehsalı azalıb. Həmçinin bəzi işıqlandırmadan istifadə olunmayan müəssisələrdə, yəni intensiv yemləmə olmayan müəssisələrdə də yumurta istehsalı azalıb. Bu da ümumulikdə, təklifin azalmasına, qiymətin artmasına gətirib çıxardıb. Onu da deyim ki, Azərbaycanda gün uzananda və gödələndə də bir çox halda yumurtanın qiyməti bahalaşır. Mövsümlə də bağlıdır. Bu da o deməkdir ki, Azərbaycanda az olan yumurtanın istehsalının qaydasını qoya bilmirlər. Digər bir səbəb isə Azərbaycanda yumurta istehsalında istifadə olunan yem xaricdən gəlir. Yemin də qiyməti son 3 ayda ciddi şəkildə bahalaşıb. Bundan əlavə, digər yem komponentlərinin də qiymətində bahalaşma baş verir”.
 
Vahid Məhərrəmov həmçinin yumurta ilə bağlı monopoliyanın yaranmasını diqqətə çatdırıb:
 
"Bu olmasaydı, birdən-birə, eyni zamanda bütün ticarət obyektlərində qiymət bahalaşmazdı. Monopoliyanın da mövcudluğu burada öz rolunu oynayır. Nə etmək lazımdır? Yumurta istehsalını artırmaq, yemi daxildə istehsal etmək lazımdır. Bəzi istehsal vasitələrini ölkə daxilində istehsal etməklə yanaşı, həm də məhsuldarlığı artırmaq lazımdır”.
 
Qeyd edək ki, Azərbaycanda broyler yumurtalarıının qiyməti bahalaşıb. Ağ yumurta 12 qəpikdən 19 qəpiyə, sarı yumurta 19 qəpikdən 22 qəpiyə, kənd yumurtasının topdan satış qiyməti 25 qəpikdən 30 qəpiyə qalxıb.