"Həyat Rezidence Constraction” MMC Göyçay rayon İcra Hakimiyyətinin 630 min manatlıq tenderində qalib oldu – FOTOFAKT

21:20 06-10-2021 477

Göyçay rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Həyat Rezidence Constraction” MMC (VÖEN-3901561481) olub.

Yeniavaz.com
 xəbər verir ki, "Həyat Rezidence Constraction” MMC Göyçay rayon İcra Hakimiyyəti sifarişi əsasında Göyçay şəhərində yolların təmiri işlərini  həyata keçirəcək.

Qeyd olunan işlərin həyata keçirilməsi üçün İcra Hakimiyyəti "Həyat Rezidence Constraction” MMC -yə 630 min 420 manat 90 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, "Həyat Rezidence Constraction” MMC 24.10.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 4 manat olan MMC-nin hüquqi ünvanı Beyləqan rayonunun Təzəkənd kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əsgərov Murad Əli oğludur.
Nizamnamə kapitalı cəmi 4 manat olan və 630 min manatlıq tenderin qalibi olan şirkətlə bağlı açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil.

Adının yarısı Azərbaycan, yarısı ingilis dilində olan "Həyat Rezidence Constraction” MMC-yə məxsus yeganə məlumat “azhr-construction.com” saytının mövcud olmasıdır.

Maraqlıdır ki, şirkətin saytında indiyə kimi 36-dan çox layihə icra etdikləri bildirilsə də, heç bir layihə haqqında məlumat verilməyib. Ümumiyyətlə saytda  şirkət barəsində bir-neçə cümləlik məlumatdan başqa heç bir informasiyaya rast gəlmək olmur. Hətta şirkətin saytında əlaqə telefonu belə mövcud deyil.

Onu da qeyd edək ki, "Həyat Rezidence Constraction” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 171 min 582 manat 79 qəpik borcunun olduğu bildirilir.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.






A. Cəfərov