Ölümündən sonra Şuşa adlı qızı dünyaya gəlmiş “xilaskar kapitan”ın ildönümüdür

13:12 07-10-2021 333

Bu gün şəhid Elçin Ağayevin ildönümüdür.

Proqnoz.com xəbər verir ki, E.Ağayev 1993-cü il iyulun 7-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.

E.Ağayev döyüşlərdə iştirak etməzdən əvvəl kimi kapitan rütbəsinə kimi yüksəlib və bölük komandiri olub.

O, 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşdən onlarla yaralını çıxaran və “xilaskar kapitan” kimi çağırılan E.Ağayev oktyabrın 6-da şəhid olub. O, bir gün sonra Cəlilabad rayonunda dəfn olunub.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Elçin Ağayev ailəli olub, üç qız atası idi. Onun üçüncü qızı şəhid olmasından sonra – bu il yanvarın 24-də dünyaya gəlib.

Şəhidimizin qızına Şuşa adı verilib.

 

Səbuhi Musayev