AZƏRBAYCANI RUSİYANIN VƏ İRANIN TƏSİRİNDƏN QORUYACAQ DƏYƏRLƏR

15:57 07-10-2021 288
Azərbaycan müstəqil və suveren varlığını qorumaq, sıxıntılardan qurtulmaq, inkişaf etmək istəyirsə, Rusiya və İranın təsirini zərərsizləşdirmək məcburiyyətindədir. Azərbaycanı gücləndirəcək, ona müqavimət imkanı qazandıracaq, bu iki zərərli təsirdən qoruyacaq dəyərlər var:
- ƏDALƏT - ədalət hər kəsə, hər şeyə layiq olduğu haqqı verməkdir, dövlətin işi kimsəyə fərq qoymadan ədaləti təmin etməkdir, ədalət dövlətlə xalqı bir-birinə bağlayır, insanı, dövləti gücləndirir, milli birliyə yol açır, nəticədə, qoruma, qorunma gücü formalaşdırır, yad təsirləri zərərsizləşdirir. Xalqına ədalət verməyən hakimiyyət tikan üstündə oturmuşdur, səhradakı tək ağac kimidir, güclü külək onu devirəcək;
- AZADLIQ – siyasi, iqtisadi, mədəni azadlıq, bütün dövlət qurumlarının seçki ilə formalaşdırılması, insan iradəsinə sayğı, xalqın hakimiyyətin mənbəyi kimi qəbul edilməsi ən önəmli güc qaynaqlarından biridir;
- MƏRHƏMƏT – sosial dövlət vətəndaşına sahib çıxan, onun sıxıntılarını həll edən, əlindən tutan, göz yaşlarını silən dövlətdir, mərhəmət sevgiyə, sevgi gücə yol açır;
- ELM – elm insanı və dövləti zəiflədən cəhalətin düşmənidir, elmi olmayan dövlətin qorunma imkanı yoxdur, düşmənləri ancaq elmlə qorxutmaq olar, elm inkişafın, dünyada söz sahibi olmağın ana şərtidir; 
- MİLLİ BİRLİK – onun əsası ədalət, mərhəmət, insana xidmət, insan haqlarını qorumaqdır;
- TƏHSİL – təhsilin vəzifəsi karyera deyil, həqiqəti tanıtmaq, sorğulayan, elmə talib olan, haqlarını bilən, kimsənin haqqını yeməyən, kimsəyə də haqqını yedirtməyən nəsil yetişdirməkdir;
- RİFAH – yoxsulluq parçalayır, kinə, əxlaqsızlığa, düşmənliyə səbəb olur, zənginlik birləşdirir, hüzura yol açır, milli gücə çevrilir;
- QURANİ-KƏRİMƏ BAĞLI DİN ANLAYIŞI – biz Azərbaycanda bu din anlayışını hakim qılsaq, altı bəladan qorunacağıq: 1) dini cəhalət, xurafat, fanatizmdən qurtulacağıq; 2) xurafələrin ağlımızı, vicdanımızı, iradəmizi öldürməsinin, sürüləşməyin, kölələşməyin yolunu bağlayacağıq; 3) İranın ixrac etdiyi xurafələrə bağlı, siyasi hədəfli din anlayışı sıradan çıxacaq; 4) ateizmin siyasi qanadı olan rusçuluğun təsir imkanı azalacaq; 5) ərəb dünyasından gələn radikal din anlayışı çökəcək; 6) Türkiyədən təriqətlər yolu ilə gələn zərərli din anlayışının yaşamaq imkanı olmayacaq;
- ƏLAQƏ – Azərbaycanın xarici siyasətinin əsasında əlaqə anlayışı olmalıdır. Azərbaycan dünya ilə doğru əlaqə qursa, güclənəcək, zərərli təsirlərdən qorunacaq;
- GÜCLÜ ORDU - ən müasir texnika ilə silahlanmış, elmi əsaslarla qurulmuş, mənəvi güc qazanmış ordu müstəqil, suveren inkişafın təminatıdır;
- ETİBARLI MÜTTƏFİQLƏR – Azərbaycan etibarlı müttəfiqlərə möhtacdır, mütləq ittifaq içində olmalıdır, Qoşulmama Hərəkatına üzv olmaq Azərbaycanın mənafeyinə uyğun deyil;
- ÖZ MƏKANINA DAXİL OLMAQ - Rusiyanın təsir məkanından çıxıb Azərbaycanın müstəqil, suveren, azad inkişafına təminat verən məkana daxil olmaq. Azərbaycan Rusiya və İranın təsir məkanında qalaraq öz varlığını qoruya bilməz;
 
SİRACƏDDİN HACI YAZLR