“Zəng etdilər ki, pulu verməsən, sənə də, Yaşar Aydəmirova da pis olacaq” - MTN generalının məhkəməsi

17:57 08-10-2021 288

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçirilən prosesdə zərərçəkən Rahib Ağayev təqsirləndirilən şəxslərə qarşı 150 min manat, digər zərərçəkən Vüqar Ağayev isə 1 milyon 162 min manat mülki iddia qaldırıb.

Mülki iddialar məhkəmənin icraatına qəbul edilib.

Daha sonra Nizami Şirinovun vəkili vəsatət verərək məhkəmənin qapalı keçirilməsini xahiş edib. O bildirib ki, müdafiə etdiyi şəxs uzun müddət xüsusi xidmət orqanının əməkdaşı olub və ifadəsində dövlət sirri təşkil edən məsələlər ola bilər.

Vəsatət təmin edilməyib. Hakim qeyd edib ki, dövlət sirri təşkil edəcək məsələlər olan zaman zərurət yarandığı halda prosesin qapalı davam etdirilməsi ilə bağlı qərar qəbul oluna bilər.

Bundan sonra məhkəmə istintaqının başlandığı elan olunub.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama görə, N. Şirinov və digərləri qulluq mənafelərindən istifadə edərək, vətəndaşlara qarşı hədə-qorxu gələrək pul tələb ediblər.

N. Şirinova 6 epizod üzrə ittiham irəli sürülüb. Birinci epizodda N. Şirinov Dilşad Aslanov adlı şəxsdən 80 min dolları rüşvət qismində alaraq onu MTN Akademiyasına düzəldib və oxuduğu müddətdə ona himayədarlıq edib.

N. Şirinov bir fakt üzrə digər təqsirləndirilən Elman Tahirovla birləşərək 50 min dollar rüşvət alıb.

Digər epizodlarda N. Şirinov digər təqsirləndirilən şəxslərlə birlikdə hədə-qorxu gəlməklə Mirzəli Yusifovdan 315 min ABŞ dolları, Vüqar Ağayevdən 1 milyon 850 min manat, Emin Abbasovdan 200 min manat, Rahib Ağayevdən isə 150 min manat alıblar.

Təqsirləndirilən şəxslər ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.

Məhkəmə təqsirləndirilən şəxslərə ifadə verməyi təklif etsə də, onlar hazırkı mərhələdə ifadə verməkdən imtina ediblər. Qeyd ediblər ki, zərərçəkmiş və şahidlərin dindirilməsindən sonra ifadə verəcəklər.

Bundan sonra prosesdə zərərçəkmiş şəxs qismində Rahib Ağayev ifadə verib. O, 1991-ci ildən “N” saylı hərbi hissələrdə çalışdığını, uzun müddət general-leytenant Yaşar Aydəmirovun sürücüsü olduğunu, 2003-cü ildə ordudan tərxis edildiyini deyib: "Daha sonra general Aydəmirovun ailə sürücüsü olmuşam. Həmçinin onun qonşuluğunda yaşamışam, yaxınlığımız olub. 2012-ci ilə telefonuma zəng gəldi. Telefondakı şəxs özünü MTN-nin Hərbi Əks Kəşfiyyatının idarəsinin əməkdaşı, mayor Ruhlan Cəfərov kimi təqdim etdi, məni idarəyə çağırdı. Mən hərbçi olmadığımı və hansı səbəbdən ora dəvət olunduğumu soruşdum. Lakin o, təkidlə idarəyə gəlməyimi istədi. Bununla bağlı Yaşar Aydəmirova məlumat verdim. O da gedib məsələnin nədən ibarət olduğunu öyrənməyimi istədi. İdarəyə gedərək Ruhlan Cəfərovla görüşdüm. Mənə dedilər ki, saxta sənəd düzəldərək Mahir adlı hərbi qulluqçunun tərxis olunmağını təmin etmişəm. Mən həmin adamı tanımadığımı, saxta sənəd düzəltmədiyimi dedim. Hədə-qorxu gəldi. O, daha sonra məni rəisi Elcan Abdullayevin yanına apardı. Elcan Abdullayev mənə hirsləndi. Otaqdan çıxandan sonra mənə izahat yazdırdılar ki, guya kimdənsə 1000 manat almışam. Dedilər ki, bunu yazırıq ki, iş bağlansın. Sonra Ruhlan Cəfərov Elcan Abdullayevin yanına getdi. Qayıdanda qırmızı qələmlə 150 min yazılmış vərəq gətirdi. Dedi ki, bu pulu gətirməsən, səni Vətənə xəyanətə görə tutub, həbsə göndərəcəyik. Qorxuya düşdüm. Oradan çıxandan sonra məsələ ilə bağlı Yaşar Aydəmirova məlumat verdim. Yaşar müəllim məsələni danışacağını dedi. Lakin bir müddət sonra bildirdi ki, pulu istəyirlərsə alacaqlar. Yaşar Aydəmirov həmin vaxtı Nizami Şirinovla danışa bilmədiyini dedi”.

Zərərçəkən qeyd edib ki, həmin vaxt onu qara avtomobillər izləməyə başlayıb: “Bununla bağlı Yaşar müəllimə məlumat verirdim. Oğlumun toyu günü restoranın foyesində tanımadığım şəxsləri gördüm. Toy zamanı Yaşar müəllimin qaynı qızı yoxa çıxdı, 4-5 saat sonra tapıldı. Bir neçə gün sonra evim yarıldı. Gəlinimin qızılları və başqa əşyalarımız oğurlandı. Mənim qızım bunların ucbatından epilepsiya xəstəli tapdı. Qızımdan sonra nəvəm də belə oldu. Oğurluqla bağlı polisə məlumat verdim. İndiyə qədər həmin oğurluğun üstü açılmayıb. Həmin dövrdə dəfələrlə Ruhlan Cəfərov tərəfindən zənglər gəldi. Dost-tanışdan borc yığmağa başladım. Yaşar müəllim də mənə 10 min dollar verdi. Pulun 100 min dollarını düzəldərək Hərbi Əks Kəşfiyyat İdarəsinə apardım, pulu Ruhlana verdim. Qalan pulu da tələb edirdilər. Yaşar müəllimə məlumat verdim, o da bir neçə gün sonra Elcan Abdullayev və Ruhlan Cəfərovla “Bulaq” restoranında görüşdü. Mən həmin görüşdə qapının ağzında durdum. İçəridəki söhbətlərdən xəbərsiz idim. Çıxanda Yaşar müəllim dedi ki, pulu vermək lazımdır. Bir müddət keçmədi, zəng etdilər ki, pulu verməsən, sənə də, Yaşar Aydəmirova da pis olacaq. Mən birtəhər 27 min dollar taparaq, “Qələbə” kinoteatrının yaxınlığında Ruhlan Cəfərova verdim. Bir həftə sonra 22 min 400, bir neçə gün sonra isə 600 dolları eyni yerdə Ruhlan Cəfərova təqdim etmişəm”.

Sualları cavablandıran zaman R. Ağayev deyib ki, həmin vaxt qorxduğundan hüquq-mühafizə orqanlarına şikayət edə bilməyib: “MTN-də baş verən hadisələrdən sonra məsələ ilə bağlı prokurorluğa getmişəm. Orada başıma gətirilən hadisələrlə bağlı məlumat vermişəm. İstintaq dövründə verdiyim pulun 58 min manatı Ruhlan Cəfərov və digərləri tərəfindən mənə ödənilib. Pulun qalan hissəsini tələb edirəm”.

Proses oktyabrın 14-də davam etdiriləcək.

İttihama görə, təqsirləndirilənlər bu şəxslərdən hədə-qorxu ilə pul tələb edib və rüşvət alıb.

Nizami Şirinovun həmin vəzifədə çalışdığı müddətdə qeyd edilən qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.