Bakı-İrəvan danışıqları sülhə aparacaqmı?

17:59 08-10-2021 306

Xarici İşlər Nazirliyinin(XİN) sözçüsü Leyla Abdullayeva bildirib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü keçirilə bilər.

Xatırladaq ki, müharibədən sonra nazirlərin ilk və sonuncu görüşü sentyabrın 24-də Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Birləşmiş Millətlər Təşkilatının sessiyası çərçivəsində gerçəkləşib.

L. Abdullayevanın açıqlamasında əsas vurğu Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabrda imzaladığı üçtərəfli bəyanatın icrasına salınıb: "Hazırkı mərhələdə üç dövlətin liderlərinin imzaladığı birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasiyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər".

Təxminən 1 aydan sonra sözügedən bəyanatın imzalanmasından 1 il ötəcək. Amma Azərbaycanın tələbi ilə bu sənədə daxil olunan 3 vacib bəndin icrası hələlik ləngidilir. Qarabağın kiçik bir hissəsinə sığınmış erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazilərini tərk etməsi, daxili kommunikasiyaların açılması və köçkünlərin BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında geri qaytarılması istiqamətində hələlik hər hansı ciddi addım atılmayıb.

Məlumdur ki, bəyanat Rusiyanın vasitəçiliyilə imzalanıb, ona uyğun olaraq bu ölkənin sülhməramlı kontingenti Qarabağa, Laçın dəhlizinə yerləşdirilib. Amma rəsmi Moskva bu günə qədər sənədin icrasının təmin edilməsinə məsul olduğunu açıqlamayıb. Kremldən, Rusiya XİN və Müdafiə Nazirliyindən vaxtaşırı verilən açıqlamalarda bəyanatın tam icrasının məsuliyyəti tərəflərin üzərinə qoyulub.

Azərbaycan rəhbərliyi bu barədə Rusiya tərəfi ilə danışıqlar aparır. Mediaya sızan informasiyalardan məlum olur ki, rəsmi Moskva sənədin tam icrası ilə bağlı müəyyən şərtlər irəli sürür. Ekspertlər ilk növbədə Kremlin sülhməramlıların mandatına dair ikitərəfli müqavilə imzalanmasını istədiyini önə çəkirlər.

Düzdür, belə bir tələbin olduğuna dair Bakıdan rəsmi açıqlama olmayıb. Amma Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib ki, Rusiya Azərbaycanın şərtlərini qəbul etmək istəmir. Söhbət kommunikasiyaların açılması, erməni ordusunun qalıqlarının Azərbaycan ərazilərini tərk etməsi, köçkünlərin BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında geri qaytarılmasından gedir. Hər üç məsələnin həlli Azərbaycan üçün prioritetdir.

Leyla Abdullayevanın dediklərindən isə məlum olur ki, Azərbaycan Ermənistanla gözlənilən diplomatik təmasda bu məsələni qaldıracağını açıqlayıb. Ehtimal ki, Bakı Rusiya ilə bu məsələləri həll etmək perspektivinin olmadığı qənaətinə gəlib.Bakı-İrəvan birbaşa təmaslarında münaqişənin tam həllinə nail olmaq üçün öhdəliklər sənədinin tam icrası müzakirə olunacaq. Eləcə də yaxın perspektivdə Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirləcəyi gözlənilən İlham Əliyev- Nikol Paşinyan görüşündə bu məsələnin Bakının əsas prioriteti olacağı gözləniləndir.

Şübhəsiz ki, xarici işlər nazirlərinin bir araya gəlməsi həm də liderlərin görüşünə hazırlıq məqsədi daşıyır. İlk növbədə masaya yatırılacaq mövzularla bağlı ortaq mövqe nümayiş etdirilməlidir. Düzdür, tərəflərin mövqeyində hələlik ciddi yaxınlaşma müşahidə olunmur. Xüsusən Ermənistan normal sülh danışıqlarını əngəlləyən qeyri-real tələblərlə çıxış edir. İrəvan hələ də Qarabağda qalan ermənilərə status verilməsi məsələsində israr edir. Azərbaycan rəhbərliyi isə artıq münaqişənin bitdiyini və erməni azlığına heç bir status verilməyəcəyini bəyan edib.

Bakı təkilf edir ki, danışıqlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanlarını əhatə etsin. Ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, 10 noyabr sənədinin tam şəkildə icra olunması və s. bura daxildir.

Bununla yanaşı son günlər həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlamalar tərəflər arasında müəyyən razılaşmaların olacağını gözləməyə əsas verir. İrəvanın Naxçıvana Ermənistanın hava məkanından keçməklə uçuşlara icazə verməsi, Azərbaycanın da eyni addımı Ermənistan üçün atması bu istiqamətdə atılmış ilk önəmli addım hesab oluna bilər. Ermənistanın Baş naziri N.Paşinyanın son günlərdə verdiyi açıqlamalar da müsbət siqnallar kimi qəbul edilir.

Amma onu da nəzərə almaq lazımdır ki, Ermənistan rəhbərliyinin siyasi iradə nümayiş etdirərək hazırki destruktiv mövqedən geri çəkilməsi münasibətlərin normallaşdırılması üçün yetərli olmaya bilər. Proseslərin gedişi əsasən İrəvana ciddi təsir imkanları olan Moskvanın hansı mövqe tutmasından asılı olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə Putnlə apardığı danışıqlarda bu məsələlərin müzakirə olunduğu, müəyyən razılıqların əldə edildiyi ehtimal olunur. Ancaq bununla belə Moskvanın Paşinyana bütün məsələlərdə konstruktiv mövqe tutmasına imkan verəcəyi də problematik görünür. Bu ərəfədə Ermənistanda Rusiyaya sıx bağlı Robert Koçaryan - Serj Sarqsyan cütlüyünün aktivləşməsi heç də təsadüfi görünmür. Onlar Paşinyan iqtidarını təslimçilikdə, dövlətin, xalqın maraqlarını Azərbaycana satmaqda ittiham edirlər. Mümkündür ki, Moskva Paşinyanın kompromis axtarışlarından narahat olaraq daxildən ona təzyiqləri artırmağa başlayıb.

Yəni, istər Minsk Qrupunun vasitəçiliyi, istərsə də Bakı ilə İrəvan arasında birbaşa danışıqların başlaması iki ölkə arasında sülhün əldə olunmasına müəyyən ümidlər yaratsa da, yaxın dövrdə problemin ədalətli və birdəfəlik həllini gözləmək çətindir. Liderlər, nazirlər danışa, görüşə bilərlər, amma real addımların atılması Ermənistanın reallıqlara söykənməyən destruktiv mövqedən geri çəkilməsindən asılı olacaq. Moskva Paşinyanın belə addımlar atmasına imkan verəcəkmi, bunu zaman göstərəcək...

Müəllif Elçin Rüstəmli

Mənbə AzPolitika.info