Prezident Ilham Əliyev: “Biz Hadrut əməliyyatını keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik”

11:47 10-10-2021 171

“Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər”.

Bu fikirləri Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Hadrut əməliyyatının əhəmiyyəti barədə söhbətini davam etdirərkən söyləyib.

Prezident deyib ki, hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi: “Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik.

Bu günü sizinlə birlikdə burada - Hadrutda qeyd etmək, hesab edirəm ki, xüsusi məna daşıyan hadisədir. Biz uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq.

Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır.

Bu gün isə artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi”.

Dövlətimizin başçısı deyib: “Biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət göstəririk. Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Artıq binaların təmiri ilə bağlı ilkin görüntülər var və eyni zamanda, qəsəbədə müşahidə olunan bu səliqəsizlik adamı incidir. Qəsəbəni bu gündə təsəvvür etmək mümkün deyil. Ona görə biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik.

Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir.”

Ermənilərin Azıx mağarasını da erməniləşdirmək cəhdlərindən danışan dövlətimizin başçısı deyib: “Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar”.

Prezident çıxışı zamanı tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət edib. “Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start verdik. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək.

Azərbaycanın inzibati-ərazi bölgüsünə görə Hadrut qəsəbəsi Xocavənd rayonunun tərkib hissəsidir və vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirilərək, - onları biz birləşdirdik, - Xocavənd rayonu yaradıldı. Keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi işğalçılardan azad edilib və Azərbaycan vətəndaşları o bölgələrə də qayıdacaqlar.

Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident deyib ki, onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Amma buradakı bütün kəndlərin hamısı bərbad vəziyyətdədir: “İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir. Bəs, yığılan bu milyardlar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər.

Bu, bir daha onu göstərir ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də, keçmişi də, dövlətçiliyi də, mifologiyası da saxtadır”.

Dövlətimizin başçısı deyib: “Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar”.

Prezident İlham Əliyev qeyd edib ki, müharibə dövründə Ermənistanın rəsmi orqanları çoxsaylı yalan məlumatlar yayıb. “Onların Müdafiə Nazirliyindən, - yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı”, – deyə dövlətimizin başçısı vurğulayıb.

“Mən Tuğ kəndində olanda dəhşətə gəldim. Onlar Tuğda hər il müxtəlif festivallar təşkil edirdilər. Xaricdən qonaqlar cəlb olunurdu, gəlirdilər və belə bir videogörüntü yaradılırdı ki, sanki çox inkişaf etmiş yerdir. Dağılmış vəziyyətdədir, məktəb dağılıb, mədəniyyət evi dağılıb, binalar demək olar ki, hamısı köhnəlib. Yəni, bax, budur Ermənistan işğalının əsl siması.

Onlar bizim torpağımızı işğal ediblər, Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyublar, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular. Biz buna son qoyduq”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Hadrutun azad olunmasını tarixi hadisə adlandıran Prezident deyib: “Bundan sonra biz artıq müxtəlif istiqamətlər üzrə Zəfər yürüşümüzü davam etdirdik. Bir istiqamət Füzuli istiqaməti idi. Hadrut azad olunandan heç 10 gün keçməmiş biz Füzulini azad etdik. Digər istiqamət Şuşa istiqaməti idi. Bax, o Zəfər yolu dediyimiz tarixi yol, o cümlədən Hadrut meşələrindən keçirdi.

Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Biz artıq Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir.

Biz az itkilərlə qəsəbəni götürmək əzmində idik və buna da nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya ki, onlar növbəti dəfə taktiki geriləmə ediblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Bütün bu yalanları müşahidə edərək, sadəcə olaraq, təəccüb edirdim. Çünki açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Mən əmr verdim Hadrutda Azərbaycan bayrağı qaldırılsın ki, ermənilərin bu yalanlarına son qoyulsun. Ancaq ondan sonra - Azərbaycan əsgər və zabitləri bizim dövlət bayrağımızı Hadrutda qaldırıb mənə raport verəndən sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“Son illərdə keçmiş məcburi köçkünlərlə görüşlərim zamanı görürdüm ki, onların gözlərində ümidlər artıq sönür və bu da təbiidir. Neçə il gözləmək olar? Neçə il demək olar ki, Minsk qrupu gəldi, getdi, təklif verdi, erməni qəbul etmədi?!

Açıq deməliyəm, neçə il bizim başımızı aldadırdılar. Deyə bilmirdim mən onlara. Hətta müharibə dövründə bir çox müsahibələr verərkən tam planlarımız haqqında danışa bilmirdim. Çünki bu, hərbi sirr idi. Bizim əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi. İndi deyə bilərəm, bu vəzifə müharibənin ilk günündən qarşıya qoyulmuşdu və biz bu vəzifəyə nail olduq.

Məcburi köçkünlərin əzablarını, onların iztirablarını çox yaxşı başa düşürəm. Çünki mən keçmiş məcburi köçkünlərlə Azərbaycanda bəlkə də ən çox təmasda olan insanam. Onların ümidlərini doğrultmaq üçün, onlar qarşısında bu tarixi missiyanı icra etmək üçün, onların dədə-baba torpağına qayıtmaları üçün biz gərək necə deyərlər, bütün gücümüzü səfərbər edib “Öldü var, döndü yoxdur!” şüarı ilə qabağa gedəydik və getdik.

Bu gün artıq məcburi köçkün anlayışı yoxdur. Bu gün keçmiş məcburi köçkünlər evlərinə dönməyə hazırlaşırlar. Xocavəndə birinci səfərdir, bundan sonra bu səfərlər təşkil ediləcəkdir. Biz çalışacağıq, necə ki, müharibəni qısa müddət ərzində başa vurduq, eyni zamanda, bu bərpa işlərini də maksimum qısa müddət ərzində başa vuraq ki, siz qayıdasınız, bu cənnət məkana qayıdasınız. Hər bir torpaq bizim üçün cənnətdir, əzizdir. Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır". deyə dövlətimizin başçısı vurğulayıb.