Abşeron rayon Mərkəzi Xəstəxanasında həkim çatışmır

14:50 11-10-2021 396
 Abşeron rayon Mərkəzi Xəstəxanasında həkim çatışmazlığına heç kim məsuliyyət daşımır. Bu barədə yazmışdıq və insanların narahatlıqlarını aidiyyəti qurumların diqqətinə çatdırmağa cəhd etmişdik. Amma, deyəsən xəstəxana rəhbərliyini bu hal əsla narahat etmir. Rayonun müxtəlif kənd və qəsəbələrindən min bir əziyyətlə xəstəxanaya gələn insanlara hər dəfə,«həkim növbədən çıxıb, evinə gedib, gedin sabah gələrsiniz»,-deməklə işlərini bitmiş hesab edirlər. Bunu da elə arxayınçılıqla deyirlər ki, elə bil, belə də olmalıdır. Əslində, belə olmamalıdır. Əgər xəstəxanada hansısa ixtisas həkimi çatışmırsa, onu nə üçün növbəyə çıxarırlar? Digər bir məsələ, o böyüklükdə rayonun Mərkəzi Xəstəxanasında nə üçün cəmi bir onkoloq çalışır? Azərbaycanda məgər həkim qıtlığıdır?
Ümid edirik ki, bu məsələyə Səhiyyə nazirliyi və TƏBİB insanların inanacaq bir cavab verəcək.
Yusif Seyid