Neft və Qaz İnstitutunda AKADEMİK TALAN - Büllur lüstrə 30 min manat...

16:34 14-10-2021 369

Neft və Qaz İnstitutu 2021-ci ilin oktyabr ayının 7-də altı lot üzrə satınalmaya yekun vurub. Qlobal.az xəbər verir ki, İnstitutun 7 oktyabr tarixində yekun vurduğu satınalmaların ümumi məbləği 118.431 manat təşkil edib.

Neft və Qaz İnstitutunun 7 oktyabr tarixində yekun vurduğu satınalmalarda qalib elan edilən təşkilatların hamısı qeyri-şəffafdır.

Bu təşkilatların eyni ildə yaradılması, nizamnamə kapitallarının qeyri-ciddiliyi, bəzilərinin hüquqi ünvanları və qanuni təmsilçilərinin eyni şəxs olması satınalmanın formal keçirildiyi şübhələri yaradır.

Neft və Qaz İnstitunun "dəftərxana mallarının alınması" (məbləğ 8832 manat) və "elmi mövzunun və koordinat xəritələrinin rəngli çapı" (məbləğ 15000 manat) lotu üzrə sifarişçi olduğu satınalmanın qalibi "Quzey-Yurd" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.

"Quzey-Yurd" MMC 2017-ci ilin iyun ayının 23-də Vergilər Nazirliyinin reyestrində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Salyan rayonu Arbatan kəndi, qanuni təmsilçisi isə Bağırov Qadir Qalib oğludur.

Neft və Qaz İnstitutuna dəftərxana mallarının alınması və elmi mövzunun və koordinat xəritələrinin rəngli çapı üzrə xidmət göstərəcək "Quzey-Yurd" MMC-nin fəaliyyət profili barədə məlumat yoxdur. Eyni zamanda bu şirkətin müvafiq xidmət üzrə hansı lisenziyalara sahib olması barədə də informasiyaya rast gəlinmir.

Neft və Qaz İnstitunun "elmi tədqiqat ölçü cihazlarının alınması" (məbləğ 20.000 manat) və "elmi mövzunun işlənməsi" (məbləğ 30000 manat) lotları üzrə sifarişçi olduğu satınalmanın qalibi isə "Rasr.H.R.S Servis" MMC olub.


"Rasr.H.R.S Servis" MMC-nin hüquqi ünvanı Sabirabad şəhəri, Vidadi küçəsi ev 94 ünvanı, qanuni təmsilçisi isə 1982 ci il təvəllüdlü Mustafayev Ramil Sərraf oğludur.

On manat nizamnamə kapitalı olan "Rasr.H.R.S Servis" MMC 2017-ci ilin sentyabr ayının 8-də qeydiyyata alınıb.

İnstituta elmi mövzu işləyəcək və elmi tədqiqat cihazlarını alacaq "Rasr.H.R.S Servis" MMC-nin də fəaliyyət profili və müvafiq lisenziyaları barədə məlumat yoxdur.

Daha şübhəli məqam isə Neft Qaz İnstitunun iki lotunun qalibi elan edilən "Rasr.H.R.S Servis" MMC-nin qanuni təmsilçisi Mustafayev Ramil Sərraf oğlunun qanuni təmsilçisi olduğu daha bir şirkətin - "Kamen Biznes Compani" MMC-nin satınalmada qalib elan edilməsidir.



"Kamen Biznes Compani" MMC-nin də hüquqi ünvanı Sabirabad şəhəri Vidadi küçəsi ev 94 ünvanıdır. Bu MMC Neft və Qaz İnstitutunun "inzibati binanın şüşələrinin yuyulması" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan edilib. Satınalmanın məbləği 14.623 manatdır.

"Kamen Biznes Compani" MMC-nin də lisenziyaları və fəaliyyət profili, həmçinin əmək müqaviləsi ilə çalışan işçilərinin sayı barədə məlumat yoxdur.

Neft və Qaz İnstitutunun 7 oktyabr tarixində yekun vurduğu sonuncu satınalma isə digər satınalmalardan fərqlənir. Belə ki, İnstitut "büllur lüstrlərin alınması" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan edilən "Fantastik Servis MMC"-nin nizamnamə kapitalı 2 manat, qanuni təmsilçisi isə Məmmədova Kəmalə Baldadaş qızıdır.



İnstitut "Fantastik Servis" MMC-yə büllur lüstur üçün 29.976 manat ödəyəcək.

Hüquqi ünvanı Astara rayonunun Ərçivan kəndi olan "Fantastik Servis" MMC-yə büllur lüstr üçün fantastik məbləğin - 29.976 manatın xərclənməsi daha geniş formada araşdırma tələb edən mövzudur.

Neft və Qaz İnstitutunun baş direktoru Fəxrəddin Qədirovdur.

Fəxrəddin Qədirov 2021-ci ilin iyul ayının 7-də Neft və Qaz İnstitutunun baş direktoru təyin edilib.