“BU DA “5-Cİ KOLON”un NÖVBƏTİ TƏXRIBATIDIR...” -Polkovnikdən Xalq yazıçısına sərt cavab

17:18 02-11-2021 675

Mehman Səlimov: "Birinci Qarabağ müharibəsi və onun iştirakçılarının üzərindən xətt çəkmək yolverilməzdir...Hansı qüvvələrsə məqsədli şəkildə bu savaşın iştirakçılarını gözdən salmağa etməyə çalışır”

 

 Çingiz Abdullayev: “Öz qardaşım həmin vaxt Şuşada şəhid olub. Ancaq onlar silahsız mübarizə aparırdılar... Onu necə müharibə adlandırmaq olar?”

Azərbaycan Yazıçılar Birliyinin katbi, Xalq yazıçısı Çingiz Abdullayev Sumqayıt şəhərində keçirilən Kitab Yarmarkasında oxucularla səsləndirdiyi "Birinci Qarabağ müharibəsi olmayıb!.." fikri ona qarşı sərt təpkilərə yol açıb. Sosial şəbəkələrdə onun ünvanına saysız hesabsız tənqidlər, hətta təhqirlər səsləndirilib.

 

Yazıçı "oxu.az" saytına müsahibəsində qalmaqallı fikirlərinə aydınlıq gətirib: "Bir il əvvəl mən ermənilərlə söhbət edəndə onlar gülürdü ki, siz alverçisiniz, siz vuruşan xalq deyilsiniz. Mən ona görə deyirəm ki, bu iki müharibəni eyniləşdirməyin. 20-30 ildən sonra ermənilər öz nəvələrinə deyəcək ki, iki müharibə olub, birini biz udmuşuq, digərini uduzmuşuq. Axı, bu belə olmayıb. Birinci müharibə vaxtı bizim nə hakimiyyətimiz, nə ordumuz, nə pulumuz, nə silahımız olub. Yalandan deyirlər ki, mən hörmətsizlik etmişəm. Öz qardaşım həmin vaxt Şuşada şəhid olub. Ancaq onlar silahsız mübarizə aparırdılar. Özbaşınalıq vardı. Yalnız Ağdamda 6 000 insan şəhid olub. Ona görə də hər ikisini müharibə adlandırmaqla biz bir-birimizi təhqir edirik. Birinci olan faciə idi, neçə min insan şəhid olub, neçə milyon insan qaçqın düşüb. Orduya çağırılanlar dövlət televiziyasına çıxarılıb, oradan cəbhəyə aparılırdı. Belə ordu olar?!... Ermənilər isə pullu idilər. Diasporları hesabına silah-sursat alırdılar. Nəyə görə Xocalı faciəsi baş verəndə bizim ordumuz müdaxilə edə bilməyib? Onlar 366-cı motoatıcı alaya məxsus silahlarla təchiz olunub. Bizdə isə heç nə yox idi".

C. Abdullayev saha sonra Birinci Qarabağ müharibəsini faciə adlandırıb:"O vaxt Azərbaycanda hakimiyyət mübarizəsi gedirdi. Beş ildə yeddi dəfə hakimiyyət dəyişmişdi. Təbii ki, belə şəraitdə bizim yalnız könüllü batalyonlarımız olub. Ona görə də deyəndə ki, ikisi də müharibədir – bu, yalandır. Bunu deməklə xalqı təhqir edirik. Belə çıxır ki, biz müharibə etmişik, amma torpaqlarımızı müdafiə edə bilməmişik. İndi məni söyməklə nə olur ki? Biz “iki müharibə olub” deyəndə qonşularımız bundan məharətlə istifadə edəcək. Mən faciənin səhəri günü Anar və Bəxtiyar Vahabzadə ilə birgə Ağdama gəlmişəm. Xocalıda faciəni törədənlər sovet tankları idi. Bunu necə müharibə adlandırmaq olar?"

 

 

Müdafiə nazirinin sabiq müavini, istefada olan polkovnik, Birinci Qarabağ müharibəsinin iştirkaçısı olmuş Mehman Səlimov isə Xalq yazıçısının sözügedən açıqlamasından məyus olduğunu deyir: “Çingiz Abdullayevin Birinci Qarabağ müharibəsini inkar etməsi haqda çıxışından çox mütəəssir və məyus oldum. Bu, yolverilməzdir. Hansı əsasla demək olar ki, birinci Qarabağ müharibəsi olmayıb?”.

Mehman Səlimov moderator.az saytına açıqlamasında qeyd edir ki, müharibə iki dövlət arasında olan hərbi əməliyyatlardır:"Düzdür, 1989-1990-cı illərdə Qarabağdakı ilkin əməliyyatlar Ermənistanın və Azərbaycanın o dövr üçün qanunsuz könüllü dəstələri arasında gedirdi. Həmin vaxt da, sonralar da sovet-rus əsgərləri əsasən ermənilərə silah və canlı qüvvə dəstəyi verirdi. Ancaq 1991-ci ilin payızından - Azərbaycan və Ermənistan müstəqilliklərini elan etdikdən sonra - döyüş əməliyyatları artıq de-yure iki dövlət arasında aparılmağa başladı. Fəqət, təbii ki, Rusiya yenə də Ermənistana dəstək verdiyindən, yenicə müstəqil dövlətini qurmağa çalışan Azərbaycanın hərbi biliyi, döyüş təcrübəsi olmayan oğul-qızları əslində Rusiyaya, onun ordusuna qarşı döyüşürdülər”.

Polkovnik cəmiyyəti Birinci Qarabağ savaşı zamanı baş verən prosesləri real dəyərləndirməyə çağırıb: “Ümumiyyətlə, bu gün Birinci Qarabağ müharibəsi mövzusu aktualdır. Kimlərsə, hansı qüvvələrsə məqsədli şəkildə bu savaşın iştirakçılarını gözdən salmağa, onların Vətənimizin ərazi bütövlüyünün qorunmasında heç bir rolu olmadığını iddia etməyə çalışır. Hesab edirəm ki, bu da Rusiya kəşfiyyatının, “5-ci kolon”un növbəti təxribatıdır..."

M. Səlimovun sözlərinə görə, belə təxrubatlara uyan 44 günlük savaşın bəzi iştirakçıları, yaxud adi vətəndaşlar bəzən onlara suallar verirlər: "Sual edirlər ki, "siz o vaxtkı müharibədə nə iş gördünüz ki? Torpaqları verdiniz, vəssəlam...". Bu, çox qeyri-real, qeyri-obyektiv və məntiqsiz yanaşmadır. Doğrudur, bütövlükdə 1988-1994-cü illərdə Qarabağ, torpaqlarımız uğrunda gedən müharibəni Azərbaycan uduzdu, ərazilərimizin 20 faizi işğal olundu... Ancaq Birinci Qarabağ müharibəsinə doğru, obyektiv qiymət vermək üçün`öncə həmin dövrdəki ictimai-siyasi və iqtisadi proseslərə diqqət etmək gərəkdir.

Əvvəla, nəzərə almaq lazımdır ki, o illər - SSRİ-nin dağıldığı, bir ictimai formasiyadan digərinə keçid dövrü idi. 1991-ci ilin payızında Azərbaycan müstəqilliyini bəyan etdikdən sonra Ermənistan və onun Rusiya kimi havadarları tərəfindən güclü təzyiqlərə məruz qalırdı. Bununla yanaşı, Qarabağda artıq fəallaşmış hərbi əməliyyatlarla paralel ölkə daxilində də hakimiyyət uğrunda mübarizə gedirdi. Belə bir şəraitdə sovet ordusu Ermənistanda və keçmiş Dağlıq Qarabağda, Xankəndindəki bütün hərbi silah və texnikalarını salamat qoyub getdiyi halda Azərbaycanda onları sıradan çıxarılmış, ən yaxşı halda yarımişlək vəziyyətdə təhvil verirdi. Yəni 1991-ci ilin sentyabrında yaradılmasına başlanan ordunun lazımi maddi-texniki təchizatı yox idi.

İkincisi, kifayət qədər zabit kadrlarımız mövcud deyildi. Ermənilər üçün isə Moskva sovet dövründən bəri xeyli kadr yetişdirmişdi. Ən başlıcası, orduda vahid komandanlıq və nizam-intizam yox idi. Bundan əlavə, xarici ölkə kəşfiyyatlarına, xüsusən Rusiya Baş Kəşfiyyat İdarəsinə xidmət edən casus şəbəkələri sayəsində həm Qarabağda apardığımız hərbi əməliyyatlarda, həm də ölkədə gedən siyasi və iqtisadi proseslərdə xəyanət və təxribatlara yol verilirdi”.

Sabiq nazir müavini daha sonra Birinci Qarabağ savaşında Azərbaycanın müstəqilliyinin qorunması üçün görülən real işlərdən bəhs edib: “Əgər 1990-cı illərin əvvəlində ordumuzun bugünkü kimi Ali Baş Komandanı, general, zabit kadrları, müasir texnika və texnologiyası, silah-sursatı, təchizatı olsaydı, Rusiyanın arxasında dayandığı Ermənistanın torpaqlarımızı işğal etməsinə imkan verməzdik. Ən azı, Şuşanın və keçmiş Dağlıq Qarabağ ətrafındakı digər rayonlarımızın işğalına yol verilməzdi. Ancaq ordumuzun peşəkar zabitləri, gizirləri, çavuşları, eyni zamanda könüllülər, Daxili Qoşunlar və polisimizlə birlikdə əlimizdən gələni etmişik. Bunu minlərlə hərbi və mülki şəhidlərimiz, veteranlarımız, qazilərimiz, onların varlığı sübut edir. 1991-1994-cü illərdəki hərbi əməliyyatları düzgün təhlil etsələr görərlər ki, Birinci Qarabağ savaşında bizlər ölkəmizin qalan torpaqlarının müdafiəsi, Azərbaycanın müstəqilliyini qorunması üçün hansı işləri görmüşük. Kəlbəcərin işğalından sonra digər mövqelərimizi, Murovdağdakı yüksəklikləri qoruyub ermənilərin Gəncəni və digər ətraf rayonları, o cümlədən Tərtəri işğal etməsinə, neft-qaz kəmərlərinin keçdiyi, sonradan Bakı-Ceyhan və digər enerji layihələrinin çəkildiyi Bakı-Yevlax-Qazax yolunu tutmasına, Gürcüstanla sərhədimizi bağlamasına imkan vermədik.

 

 

Heydər Əliyevin prezident olduğu dövrdə -1993-cü ilin dekabrı-1994-cü ilin yanvarında keçirilmiş məşhur Horadiz əməliyyatı zamanı Horadiz şəhərini və 22 kəndi işğaldan azad etməklə digər rayonların - Beyləqanın, İmişlinin işğalının qarşısını aldıq. Belə çıxır ki, Birinci Qarabağ müharibəsini inkar edənlər Heydər Əliyevin dövlət başçısı olduğu dövrdə Ali Baş Komandan kimi apardığı həmin uğurlu hərbi əməliyyatları da inkar edir. Daha düşünmürlər ki, biz – Birinci Qarabağ müharibəsi veteranları Gəncəni, Qazağı, Tərtəri, Beyləqanı qoruyub saxlamasaydıq, minlərlə şəhid verməsəydik, atəşkəs əldə edildikdən az sonra, 1994-cü ilin sentyabrında dövlətimiz “Əsrin müqaviləsi”ni imzalaya bilərdimi? Yəni bu günkü iqtisadi və siyasi uğurlarımızın bünövrəsini biz həmin döyüşlərlə qoyduq. Məgər 44 günlük savaşda qələbə qazanmış ordumuzun əsasını məhz Birinci Qarabağ müharibəsinin od-alovundan keçərək təcrübə qazanmış generallarımız, polkovniklərimiz, dgər zabitlərimiz qoymadımı? Bunlar hamısı faktdır və onları inkar etmək olmaz".

Mehman Səlimov vurğulayır ki, bu deyilənlər Azərbaycanın hərbçiləri, döyüşçüləri, veteranları, qaziləri arasında ayrı-seçkilik yaradır. Onun sözlərinə görə, bəzi hallarda əsasən II Qarabağ savaşı qazilərinə, şəhid ailələrinə diqqət edilir, dəstək verilir, I Qarabağ müharibəsinin iştirakçıları isə diqqətdən kənarda qalır: "Bu, yolverilməzdir. Odur ki, bu fikirləri mənimlə bölüşən Birinci Qarabağ müharibəsi iştirakçıları adından dövlətimizə, hökumətimizə, xüsusən Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirəm ki, cəmiyyətdəki bu mənfi tendensiyanın qarşısını almaq üçün müvafiq tədbirlər görülsün. Birinci Qarabağ müharibəsi və onun iştirakçılarının üzərindən xətt çəkmək yolverilməzdir”. "AzPolitika.info"