Ekologiyamıza vurulan ciddi zərbə

19:59 02-11-2021 423
Avtomobillərin idxal rüsumu artdı
 
 Avtomobillərin və mobil telefonların idxal rüsumunun artması, heç də xoçagələn hal deyil. Ümumiyyətlə, bütün bahalaşmalar, ilk növbədə kasıbların büdcəsinə zərbə olur. Avtomobillərin idxal rüsumunun artırılması, həm də ölkəmizin ekoloji durumuna təsir edən bir amildir. Onsuz da atmosferin çirkliliyi əmsalına görə, ön sıralarda olan Bakıda durum dözülməz həddə çatacaq. Görünür, qiymət artıranları bu heç də narahat etmir. Yoxsa, belə bir qərara imza atmazdılar. 
Məlumdur ki, bugün ölkəmizdə istifadədə olan avtomobillərin böyük hissəsi istismar müddəti başa çatmış avtomobillərdir.
Bu avtomobillərin havaya buraxdığı zərərli qazların da miqdarı, hər zaman normadan qat-qat artıq olur. Bu baxımdan Azərbaycan avtomobil parkının ciddi yenilənməyə ehtiyacı olduğu halda, bunun qarşısını alan bir qərarın qəbul olunması da, anlaşılan deyil. Buna görə də, bu qərarı ölkəmizdə ekologiyanın korlanması istiqamətində atılan bir addım kimi qəbul etmək olar.
Belə olduğu təqdirdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin susqunluğu da, bir çox suallar yaradır.
 
Yusif Seyid