SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin qohumunun şikayəti rədd edildi - Nicat Qarayev dələduzluq edərək milyonlar qazanıb

14:04 03-11-2021 423

Xüsusilə külli miqdarda dələduzluqda ittiham edilən və 12 il həbs cəzası alan şəxsin şikayəti təmin edilməyib.

musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusilə külli miqdarda dələduzluqda ittiham edilən Nicat Qarayev 12 il həbs cəzası almışdı.

Hökmdən narazı qalan Nicat Qarayev apelyasiya şikayəti verib. Həmçinin zərərçəkmiş şəxslər də həm Nicat Qarayevə yüngül cəza verilməsindən, həm də mülki iddialarla bağlı narazı qaldıqları üçün şikayət veriblər.

Bakı Apelyasiya Məhkəməsi hər iki tərəfin şikayətini təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ədalətli hesab edərək qüvvədə saxlayıb.

İttihamda yazılır ki, Nicat Qarayev 05.06.2017-ci il tarixdən 24.06.2019-cu il tarixədək “Azfen” Birgə Müəssisəsinin “Azf-099” layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləyib.

Nicat Qarayev bu müddət ərzində “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycanda fəaliyyət göstərən filialı vasitəsilə “Azfen” BM üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7% gəlir ödəniləcəyini vəd edərək ayrı-ayrı şəxslərdən külli miqdarda pul alıb.

Belə ki, Nicat Qarayev ayrı-ayrı şəxslərdən aldığı pulların qarşılığında onlara müəyyən qədər gəlir verib. Bununla da onların etibarını qazanıb. Lakin sonradan aldığı pulları qaytarmayaraq, dələduzluq edib.

İttihamda göstərilir ki, Nicat Qarayev Eyvazov Raman Əlikram oğluna qarşı 478.283 manat, Eyvazov Əlikram Mirzəxan oğluna 122.317, Qasımov Arif Məhərrəm oğluna 363.700 manat, Çıraqov İlqar Okean oğluna 125.520 manat, Nəsirov Ramil Eldəniz oğluna 200.000 manat, Musayev Sərxan Mətləb oğluna 1.929.500 manatlıq dələduzluq edib. Bu iş üzrə daha bir neçə zərərçəkmiş var.

Törətdiyi əmələ görə Nicat Qarayevə qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Elan olunmuş ittihamla Nicat Qarayev özünü qismən təqsirli bilib. O deyib ki, zərərçəkmişlərin özlərini tanımır və bəzi zərərçəkmişlərin dediyi məbləğlər şişirdilib.

Bildirək ki, N.Qarayev SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin qohumudur.

Mənbə musavat.com