Muxtar Babayevin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı iddialardan xəbəri varmı? - Meşə torpaqlarını satır, dövlət büdcəsindən meşənin bərpası üçün ayrılan pulları mənimsəyirlər

14:43 03-11-2021 459

“Elə bilirsən Azərbaycanda təmiz işləyən yer var? Hər yerdə nöqsan olur. Təhsil, səhiyyə bundan da pis gündədir”.

Masallı rayon sakini Kərəm Ağayev deyir ki, bu, işdən qovulmamışdan əvvəl eşitdiyi son sözlər olub.

O, bu ilin sentyabrında 3 ildir baş mühəndis vəzifəsində çalışdığı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzindəki işindən azad edilib.

Kərəm Ağayev işini düzgün gördüyü üçün qovulduğunu söyləyir: “Vaxtilə işlədiyim Mərkəzdə direktor Adəm İsmiyev və onun əlaltıları qanunsuz işlərlə məşğul olub, meşə torpaqlarını satır, dövlət büdcəsindən meşənin bərpası üçün ayrılan pulları mənimsəyirdilər. Satılacaq ərazilər isə köhnə tiklili və yaxud da qeyri-meşə fondunun ərazisi kimi göstərilirdi. Bu işləri görməkdən imtina edəndə təzyiq göstərilirdi”.

K.Ağayevin sözlərinə görə, iş yoldaşlarının çoxusundan fərqli olaraq, o, çalışdığı sahə üzrə yeganə ali təhsilli işçi olub və başa verənlərə etiraz etdiyi üçün indi işsiz qalıb.

“İyulun 29-da müdir payıza hazırlıq məqsədilə 1,9 ha əkinin sxem və kordinatlarını 2-3 saat ərzində hazırlayıb, nazirliyə göndərməli olduğumuzu söylədi. Bu zaman 1,9 ha ərazini işləmək üçün 2-3 saatın bəs etmədiyini, üstəlik o ərazilərə gedib, yerindəcə bu işin görülməli olduğunu bildirdim. Bəlkə o torpaqlar heç əkinə yararlı deyil? Torpaq qanunla baxış keçirildikdən sonra kadastr olunmalıdır. Onda müdriyyət benzinin bitməsini, vaxtın azlığını bəhanə gətirdi, onun dediyini etməyəcəyimi bildirdikdə isə araya narazılıq düşdü”.

O, bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) qaynar xəttinə zəng vuraraq olanları danışdığını, müdriyyətdən şikayət etdiyini bildirir.

Bir həftəyə iki töhmət

“Sən demə, müdriyyət şikayət etdiyimi öyrəndikdən sonra xəbərim olmadan iclas keçirib. Avqustun 31-də nizam-intizam qaydalarını pozduğuma görə mənə töhmət yazıldığını öyrəndim. Artıq işdən qovulacağımı hiss edirdim. Buna görə də işdən çıxarılmamışdan qabaq – sentyabrın 4-də onları ifşa etmək üçün Baş Prokuroluğa, bu işlərlə mübarizə aparan “Ecofront” təşkilatına xəbər edib, məsələnin ictimailəşdirilməsini xahiş etdim”.

Kərəm Ağayev sosial mediada Masallıda baş verənlər işıqlandırıldıqdan sonra ikinci töhməti aldığını, daha sonra isə işindən rəsmi şəkildə azad edildiyini deyir.

“Töhmətdən sonra insana özünü düzəltməsi üçün vaxt verirlər. İşdən qovarkən bildirdilər ki, idarənin sirrini yaydığım üçün artıq orada qala bilmərəm. Adını da qoydular ki, guya işə vaxtı-vaxtında gəlmirəm, nizam-intizamı pozuram. Halbuki tabeldə işdə olduğumu sübut edən imzalar var, üstəlik məndən izahat alınmayıb. Əmək haqqım isə son günə qədər yazılıb. Necə olur ki işə gəlmirəm, amma əmək haqqı yazılır?”

İkinci qrup müddətsiz əlil olan Kərəm deyir ki, himayəsində azyaşlı övladı var: “Halbuki Əmək Məcəlləsində işdən çıxarılanda ailə vəziyyəti, əllilik dərəcəsi nəzərə alınmalıdır”.

“Vətəndaşın son haqq-hesabı hesablanaraq onun kartına köçürülüb”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Toplum TV”-yə şikayətin araşdırıldığı, vətəndaşın şöbəyə dəvət olunaraq izahatı alındığı bildirilib. Həmçinin müraciətlə bağlı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə Kərəm Ağayevin sənədlərinin təqdim olunması ilə bağlı məktub göndərildiyi qeyd olunub.

“Ümumilikdə, araşdırma zamanı müəyyən olunub ki, K.Ağayev Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi rəhbərliyinin əmr və tapşırıqlarını yerinə yetirməkdən imtina edib. Bu səbəbdən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi Həmkarlar İttifaqı Komitəsinə müraciət edib və nəticədə K.Ağayevə töhmət verilib. Lakin işçi töhmətdən nəticə çıxarmayıb və əmək funksiyasını yerinə yetirməməkdə davam edib.

Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda, o cümlədən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduqda onunla olan əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu əsasla da K.Ağayev işindən azad edilib. Araşdırmadan narazı qaldığı təqdirdə vətəndaşın məhkəməyə müraciət etmək hüququndan istifadə edə biləcəyi də onun diqqətinə çatdırılıb” – DƏMX-dən deyilib.

“Nazirliyə müraciət edin, onlar cavab versin”

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev də Kərəm Ağayevin nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğu üçün işindən azad olunduğunu bildirib.

A.Asmiyev həmçinin Kərəm Ağayevin işdə olub-olmadığını sübut edən tabelin nüsxəsini verməkdən imtina edib.

Hansı hüquqları pozulub?

Hüquqşünas Fariz Namazlı deyir ki, işçi işdən çıxarıldıqda hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 1 ay ərzində məhkəməyə müraciət edərək işə bərpasını tələb etməlidir. Bu müddət keçdikdə məhkəmənin həmin şəxsin müratciətini rədd etməsi mümkündür.

“Digər tərəfdən, işçi barəsində bir neçə intizam tədbiri kimi töhmət verilə bilər, lakin bu halda işçidən yazılı izahat alınmalıdır. İşçi izahat verməkdən imtina edərsə, bu sənədləşdirilməli və aktlaşdırılmalıdır. Hər bir halda idarənin işçi barəsində tətbiq etdiyi intizam tədbirlərinin qanuni olub-olmaması məhkəmə qaydasında müəyyən edilməlidir. İşçi əgər qaydanı pozmayıbsa, yazdığı izahatda hər hansı qayda pozuntusuna yol vermədiyini izahatda göstərməlidir”.

Masallı Regional Meşə Təsərrüfatından şikayət edən isə təkcə Kərəm deyil.

Bu qurum Masallı ilə yanaşı Yardımlı və Cəlilabad rayonlarına da nəzarət edir.

Cəlilabad rayon kənd sakini Mirqasım Sadıqov deyir ki, Fətullahqışlaq kəndinin 13 saylı dolayının ərazisində bu ilin martında ağcaqayın ağacları əkilib. Ancaq əkindən keçən 7 ay ərzində ağaclar böyümək əvəzinə quruyub. Onun sözlərinə görə, ağaclar becərilmədiyinə görə quruyub:

“Bura əkin sahəsindən daha çox fermaya oxşayır. At peyni, mal-qaranın yatağına çevrilib, əkilənlərin hamısı quruyub. Əkin yerinə təzə mal peyni necə düşə bilər? Bunlar ancaq meşə qırmaqla məşğuldur”.



Ekoloji məsələləri işıqlandıran “Ecofront” səhifəsi də 2 ay bundan əvvəl Masallı və Cəlilabadda yerləşən meşələrdə 5 günlük monitorinq aparmış, qanunsuz faktlar aşkarlandığını elan etmişdi.

Cənub zonasında zaman-zaman ağacların qırılması, əkin yerlərində fermaların salınması ilə bağlı müxtəlif şikayətlər səslənsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparıldığını deməklə kifayətlənir.

Eləcə də, Kərəm Ağayevlə bağlı göndərdiyimiz sorğuya da nazirlik eyni cavabı verib.

Hazırda işsiz qalan Kərəm isə mübarizəsini davam etdirir, yenidən işə bərpa olacağı günü gözləyir.