“Qobu Park-2”də binanın bünövrəsində problem yaranıb? - FOTO/VİDEO

14:44 03-11-2021 441

Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksində yaşayan vətəndaşlar narazıdır. 

Onlar iddia edib ki, kompleksdə yerləşən səkkiz nömrəli binanın hətta uçmaq təhlükəsi də var.

Habelə, iddia olunub ki, bina təxminən 20-30 santimetr önə doğru əyilib. 

Bildirilib ki, zirzəmidə yeni qapıların açılması bünövrəyə mənfi təsir göstərib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ barədə araşdırma aparılır:

“Dövlət komitəsi, Fövqəladə Hallar Nazirliyi və yaşayış kompleksinin podratçısı “Kristal Abşeron” şirkətinin nümayəndələri birlikdə binaya baxış keçirib. Binanın texniki cəhətdən yararlılığının yoxlanması ilə bağlı müvafiq işlər və araşdırma aparılır. 

Zirzəmidə yeni qapıların açılmasının bünövrəyə mənfi təsir göstərməsi ilə bağlı səsləndirilən fikirlər əsassızdır. 

Aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmanın nəticəsinə uyğun əlavə məlumat veriləcək”.

 

İlhamə Əbülfət