Səfər Mehdiyevin yığdığı hər manat vətəndaşın cibindən çıxır - İDDİA

14:45 03-11-2021 423

“Dövlət Gömrük Komitəsinin rəhbəri deyib ki, bu ilin ilk 10 ayında Gömrük Komitəsi planda nəzərdə tutulundan 374 milyon manat əlavə rüsum toplayıb.

Adam elə bil “kolxoz”da pambıq yığır, nəsə istehsal edir, əlavə dəyər yaradır – hər dəfə fəxrlə çıxıb deyir ki, plandan əlavə pul yığmışıq”.

MillətinSəsi.info xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli yazıb. Onun sözlərinə görə, əgər ölkədə ciddi iqtisadi canlanma olsaydı, ixrac – idxal əməliyyatları kəskin artsaydı, ÜDM artım göstərsəydi, demək olardı ki, iqtisadiyyat artır, canlanma var, daha çox rüsum da yığılır: “Elə deyil axı, Gömrük Komitəsi müstəqil qurum kimi qalmaq uğrunda mübarizə aparır, İqtisadiyyat Nazirliyinə birləşdirilməsini istəmir, ona görə də iş adamlarının boğazına çöküb daha çox rüsum yığmağı, Baş Müəllimdən “afərin” almağa çalışır.



Çox bəsit də metod fikirləşiblər – İş adamlarının təqdim etdiyi sənədlərə “inanmırlar”, deyirlər ki, “invoysda” qiyməti aşağı yazdırmısız, özləri qiymət müəyyən edir, və öz qiymətlərindən rüsum və ƏDV hesablayıb alırlar. Hə, Gömrüyün ƏDV toplaması, yəni vergi yığması (rüsum yox ha, vergi) da ayrı bir nonsensdir.

Yəni, hörmətli Səfər müəllim, yığdığınız hər manat mənim – vətəndaşın cibindən çıxır, deməli, mənim – vətəndaşın cibindən plandan əlavə 374 mln. manat pul çıxartmısız. Bu gün sürətlə artan qiymətlərdə gömrük rüsumlarının yeni hesablanması qaydası önəmli rol oynayır.

Səfər müəllim, hər ayın əvvəli plandan əlavə pul yığdığınız haqqında yeni “twitt” atanda mənə – vətəndaşa təşəkkür edin, olarmı?! Çünki o vəsait mənim – vətəndaşın puludur”.

P.S. Məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq.

Aygün Əliyeva