Dövlətin 100 milyonluq ehtiyacı

15:06 03-11-2021 477
Danışma deputat, danışma
 
Prezident İlham Əliyev gələn ilin əvvəlindən əhalinin əmək haqqlarının, pensiya və müavinatların artırılması barədə tapşırıq verib. Bunun üçün gələn ilin dövlət büdcəsində 1 milyard manat vəsait nəzərdə tutulub. İnsanlar bu xəbərə sevinməyə imkan tapmadılar ki, parlament 200-dən çox rüsumun artırılması barədə layihəni müzakirəyə təqdim etdi.
Mən hələ indiyə qədər Milli Məclisin belə fəallığını görməmişdim. Pul hələ millətin cibinə çatmayıb, bunlar isə artıq, onu necə geri almaq barədə planlar qururlar və əhalinin gəlirlərinin artmasından danışırlar. Hörmətli deputatımız da, bu artımların əhalinin gəlirlərinə elə də güclü təsir etməyəcəyini deyir. Yəni Azərbaycanda adam başına düşən rüsum 35 manat olacaqmış.»Bu, bizim vətəndaşlarımızın orta illik gəlirinin 0,5 faizi həcmindədir».
Danışma deputat, danışma! Sən danışanda, mənə belə gəlir ki, hansısa yad planetdən gəlmisən, danışma, nə olar danışma! Sən Azərbaycan vətəndaşının orta illik gəliri dedikdə, özünü nəzərdə tutursan, yoxsa gündə 15-16 saat işləyib, elə həmin gün də qazandığı 15-20 manatını gündəlik təlabatına xərcləyən insanı? Onu nəzərdə tutursansa, bu gəlir deyil. Mən sizlərdən fərqli olaraq, iqtisadçı deyiləm, amma gəlir ona deyərlər ki, insan aylıq, illik qazancının heç olmasa 10-15 faizini «qara günü» üçün banka, yaxud sandığına yığa bilsin. Azərbaycan vətəndaşı qazandığı minimumu da, gündəlik təlabatını ödəmək üçün xərcləmək zorundadırsa, bunun gəliri hardan olur ki, sizdə həmin olmayan gəlirdən belə, 0,5 faizi onun əlindən almağa çalışırsınız.Və deyirsiniz ki, bunun ona təsiri olmayacaq.
Parlamentdə oturub, xalqın qazancı barədə şirin nağıllar danışmaq, elə də çətin bir iş deyil, çünki bu çətinlikləri sən görmürsən, sizin «pəncərəniz» Azərbaycan reallıqlarına açılmır.
Danışma deputat, danışma! 100 milyon manat Azərbaycan kimi dövlət üçün nədir ki, buna görə, onsuzda ağır vəziyyətdə olan insanların əsəblərini tarıma çəkirsiniz?
Danışma deputat, danışma! 30 il qaçqın və köçkünlər probleminin arxasında gizlənib, bu dövlətin və millətin milyardlarını talayan məmurlara gücünüz çatmır. İndi də, bərpa-quruculuq pərdəsi altında xalqı zəlil gününə qoyanlara dəstək üçün, xalqın cibinə girməyə çalışırsınız.
Ayıbdır, vallah ayıbdır, danışma!!!
Paralel.az