"Kiaksarın savaşı" kimin savaşıdır? - FOTO

15:28 03-11-2021 459

“Azərkitab” Kitab Evində tanınmış yazıçı-publisist Qəni Camalzadənin “Kiaksarın axırıncı savaşı” roman və hekayələrindən ibarət olan kitabının təqdimat mərasimi keçirilmişdir. “Qanun” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş sayca on ikinci kitabında yazıçı dövrümüz üçün aktual bir mövzu seçmiş, əsəri aydın və yeni üslubda qələmə almışdır ki, bu da oxucunu yormur, əksinə kitabı oxumağa sövq edir.

Əvvəlki romanlarından fərqli olaraq, bu dəfə yazıçı tariximizin qədim və əzəmətli bir dövrünü – Midiya imperiyasının yüksəliş dövrünü qələmə almışdır. Qırx il hökmranlıq eləmiş Kiaksar ömrünün sonunda, e.ə. 486-cı ildə Skiflərin Muğan düzündə qurduqları çarlığın iyirmi səkkiz illik varlığına son qoyub. Kiaksarın qoşunları skiflərin bir qismini qırmış, qalanını da Dar Keçiddən (Dərbənd) şimala, gəldikləri yerə qovmuşdur.

Romanda şahənşah Kiaksarın parlaq surəti incə boyalarla təsvir edilmiş, onun döyüş taktikası barədə, qələbələri tarixi qaynaqlar əsasında qələmə alınmış, atəşpərəstlik haqqında geniş və əhatəli məlumat verilmişdir. Qədim Midiya hökmdarı haqqında Karl Marks belə yazıb: “Sərkərdə Kiaksar qədim dövrün parlaq simalarındandır, süvari qoşun növünün yaradıcısı kimi tarixdə qalacaq”.

Müəllifin yazdığı kimi roman çoxdan hazır olsa da, o nəşrinə qərar verə bilmirdi. Torpaqlarımızın hələ də erməni işğalı altında olması faktı müəllifin yolunu kəsirdi. Nəhayət, bu maneə də aradan qalxdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənlə şahənşah Kiaksar kimi rəftar elədi, 44 gündə iyirimi səkkiz illik işğala son qoydu, erməniləri torpaqlarımızdan qovdu, tarix təkrar olundu. Karl Marksın dediyi kimi, sərkərdə Kiaksar süvari qoşun növünün yaradıcısı, qalib kimi tarixdə qalmışdısa, Prezident və sərkərdə İlham Əliyev isə həm informasiya müharibəsində düşmənə qalib gəldi, həm də XXI əsrin qalib dövləti Azərbaycan oldu. Azərbaycan Ordusu da ən müasir silahlardan istifadə etməklə, Qalib Ordu kimi tarixdə qaldı, “Dəmir yumruq” düşmənə öz yerini göstərdi.

“Yeni yazarlar və sənətçilər” İctimai Birliyinin sədri, kitabxana.net – Mircəlal Paşayev adına Milli Virtual Kitabxanasının rəhbəri, yazıçı-kulturoloqAydın Xan Əbilov təqdimat mərasimini açaraq, ilk sözü kitabın redaktoru, şair Ağacəfər Həsənliyə verdi. O, kitabın bədii-tarixi məziyyətlərindən, yaradılmasının səbəblərindən, dil və üslub xüsusiyyətlərindən, gələcək nəslə varisliyindən danışdı, fikir söyləmək üçün şair və yazıçılara, ağsaqqallara, fəal oxuculara müraciət etdi.

Kitabın oxunmasında əməyi çox olmuş şair Məmməd Oruc, Əməkdar jurnalist İdris Şükürlü, yazıçı Oktay Ərgünəş, “Xatirə kitabı”nın baş redaktoru Nəzakət Məmmədli, ədəbiyyat həvəskarı  Rza Maqsudov, “Yurd” jurnalının baş redaktoru Balayar Sadiq, Hacı Mirkazım Kazımi, şair Faiq Balabəyli, hüquqşünas Tağı Hüseynov, psixoloq Babək Bayramov, istanbullu qonaq Rəşad bəy Rza, Solmaz xanım, Püstə xanım, Hacı Mirzəxan Əsəd oğlu tədbirdə çıxış edərək, yazıçı Qəni Camalzadənin şəxsiyyəti, yaradıcılığı barədə fikir, mülahizə və təkliflərini bildirdilər.

Təqdimetmə mərasiminin sonunda yazıçı-publisist Qəni Camalzadə çıxış edərək kitabın araya-ərsəyə gəlməsində ona mənəvi dəstək olanlara öz minnətdarlığını bildirdi. Ölkəmizdə cəfakeş qələm sahiblərinə verilən qiymətə dəyər verdi. Sonra müəllif mərasim iştirakçılarına “Kiaksarın son savaşı” kitablarını iltifatla təqdim etdi, avtoqraf yazdı, xatirə şəkilləri çəkildi.

Səadət Sultan, Yazıçı-publisist

Proqnoz.com