Yeni TƏBİB-dən köhnə üsullar -"Səhiyyə bazarında reaktiv biznesi"

15:59 03-11-2021 369
Günümüzün ən"dəbdə olan", yəni demək olar hər kəsin üzləşdiyi problemlərdən, daha doğrusu problem ocaqlarından biri də B.A. Eyvaz adına Hematologiya və Transfuziologiya (Qanköçürmə) İnstitutunun baş həkimindən tutmuş, tibb bacılarına qədər bütün çalışanlarının hamısının özbaşınalıqları, kimsələri saymamalarıdır.

Sözügedən bu tibb müəssisəsinin vətəndaşlara yaşatdığı problemlərdən biri Tibbi sığorta vərəqəsi və aidiyyəti üzrə poliklinikaların göndərişlərini qəbul etməməsidir. Hələ bir vətəndaşların üstünə də qışqırırlar ki, "Biz reaktivləri Cibimizin pulu ilə alırıq".

Əgər belədirsə, o zaman dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlər hara xərclənir görəsən?

Yeri gəlmişkən, bir neçə gün əvvəl redaksiyamıza müraciət edən Əsgərova Gültəkin Talıb qızının da sözügedən tibb müəssisəsində yaşadığı eyni problem barəsində məlumat dərc etmişdik.

Xatırlayırsınızsa Gültəkin xanım da bildirirdi ki, "orta məktəbdə müəllimə işləyirəm. Əmək haqqından hər ay sosial sığorta üçün pul tutulur. Övladımı qan analizi verməsi üçün əlimdə Tibbi sığorta, üstə gəl ərazi üzrə poliklinikadan göndəriş vərəqəsi olduğu halda B.A. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun baş həkimi, həmçinin digər həkimləri mənimlə aqressiv rəftar edir, Ümumiyyətlə qəbul etmirlər."

Yeri gəlmişkən, Gültəkin xanımın redaksiyamıza müraciətindən sonra yaranmış suallarımızın cavablandırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidməti ilə telefon əlaqəsi saxladıq. Mətbuat katibi Elnarə xanım israrla rəsmi sorğu göndərməyimizi istədi.

Mətbuat sahəsində çalışan Elnarə xanıma biz təkrar-təkrar Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanunun müvafiq maddəsini xatırlatmağa çalışsaq da xanım israrından dönmədi.

Maddə 8: Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ
IIl bənd - İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.


Görünür, Elnarə xanım "KİV" haqqında qanunları o qədər də yaxşı bilmir. Yəni əvvəl belə düşündük.

TƏBİB-nin mətbuat katibi Elnarə xanımdan şifahi məlumat almağın mümkün olmadığını görüncə, "əlacsız" qalıb, oktyabr ayının 26-da sözügedən qurumun elektron ünvanına rəsmi sorğu göndərdik.

Sorğunu göndərdiyimizdən artıq bir həftə keçdikdən sonra cavablandırılmasından anladıq ki, qurumun mətbuat katibi Elnarə xanım "KİV" haqqında qanunlardan nəyinki biraz, ümumiyyətlə xəbərsizdir.

Maddə 8:
lV bənd - Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.


Bundan əlavə yerli sosial medialarda belə bir məlumat yayıldı ki, Günay xanım adlı bir vətəndaş ərazi üzrə poliklinika həkiminin göndərişi ilə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya mərkəzində hepatit B və C virusunun yoxlanılması üçün qan analizi verib. B virusunun cavabı pozitiv çıxıb. Xanım cavaba şübhə etdiyi üçün başqa özəl klinikalardan birində yenidən qan analizi verib və cavab fərqli, yəni neqativ olub.

Bu da bir vətəndaşa eyni zamanda bir ailəyə tibb müəssisəsinin yaşatdığı sözlə ifadə edilməsi mümkünsüz olan həyəcan və stress...

Nə etmək olar?!....

Yuxarıda oktyabr ayının 26-da TƏBİB-nin elektron ünvanına rəsmi sorğu göndərdiyimizi qəyd etmişdik.

Elektron sorğumuza 1 həftə sonra, noyabr ayının 2-də nəhayət cavab verildi.

"Milli Hematologiya və Transfuziologiya Mərkəzi məlumatı

Əvvəlcə onu bildirək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi 5 günlük iş qrafiki ilə fəaliyyət göstərir və vətəndaş Gültəkin Əsgərova müraciət etdiyi gün Mərkəzdə iş günü olmayıb. Həmin gün növbədə olan həkim Elvira Quliyeva stasionar şəkildə müalicə edilən xəstələrin yoxlanışı üçün baxışda olub. Xəstə baxışı zamanı həkimə məlumat verilib ki, ambulator qaydada müayinə olunmaq üçün vətəndaş gəlib. Həkim Elvira Quliyeva vətəndaşı qəbul etmək üçün Poliklinika şöbəsinə yaxınlaşıb. Vətəndaş qəbul edilib və göndəriş sənədləri yoxlanılıb. Bu zaman müəyyən olunub ki, ona “adenovirus mənşəli pnevmoniya” diaqnozu qoyulub. Gültəkin Əsgərovaya bildirilib ki, bu kimi xəstəliklərin müalicəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzində deyil, ixtisaslaşmış tibb müəssisələrində aparılır. Mərkəzdə qan və qanın sistem xəstəlikləri araşdırılır, diaqnozu qoyulur və müalicəsi həyata keçirilir. Bundan sonra vətəndaş həkimə etiraz edib. Lakin ona etirazının əsassız olduğu, onun diaqnozuna uyğun Mərkəzdə müalicə aparılmadığı bir daha diqqətə çatdırılıb."

Vətəndaş Gültəkin Əsgərova isə bildirir ki, "mən səhər saatlarında Hematologiya və Transfuziologiya mərkəzinə getmişəm. Mərkəz tam fəaliyyət göstərirdi. Məni Elvira xanım özü qəbul edib. Tibbi sığorta vərəqəsini alıb baxdıqdan sonra üstümə tullayıb, "qələt edib bura göndəriblər. Mən reaktivləri cibimin pulu ilə alıram. Baxmıram buna" deyə, mənə səsini yüksəltdi. Hansı ki, həmin günü orada qəbul növbəmi gözlədiyim müddətdə pul aldıqları vətəndaşları necə qəbul etdiklərinin də şahidi oldum."

Bəli, Gültəkin xanım həftənin şənbə günü səhər saatlarında sözügedən tibb müəssisəsində olub. Bilirik ki, dövlət müəssisələri şənbə günləri "yarım iş günü" olaraq fəaliyyət göstərir.
Digər tərəfdən, əgər iş günü deyildisə o zaman niyə başqaları (pul aldıqları vətəndaşlar) həmin gün qəbul edilirdi?

Bütün bunlar Gültəkin xanımın iddiasının təsdiqidir ki, məhz Tibbi sığorta ilə olduğu üçün ona bu cür münasibət göstərilib.

TƏBİB-nin cavabından isə sözügedən tibb müəssisəsini müdafiə etdiyi açıq-aşkar görünür.
Əlbəttə ki, kimsə "öz ayranına turş deməz". Amma, mətbuata qarşı müdafiə etsə də, heçolmasa özü "tənbehləsə", yəni hər hansı bir tədbir görsə idi dərd yarı...

Onu da etmədisə, demək ki, özləri vətəndaşların və mətbuatın şübhələrini təsdiqləmiş olur.

Şübhənin nədən ibarət olduğunu isə yəqin ki, siz də bilirsiniz.

Bütün bunlara məhz TƏBİB-nin özü şərait yaradır.

Bilə-bilə reaksiya verməməyin yeganə adı budur.


Yeri gəlmişkən onu da qeyd edək ki, qarşıdakı günlərdə saytımızda Tibb müəssisələrində İcbari Tibbi sığorta ilə müəssisələrə müayinə və müalicə üçün gedən pasientlərə müəssisənin həkimləri tərəfindən hansı səviyyədə xidmət göstərildiyi barəsində ətraflı araşdırma məlumatlar dərc ediləcək.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
 
Yenixeber.org