Milli birliyə vurulan zərbələr

19:02 03-11-2021 342

 Daxili düşmənlər hücumdadır

Azərbaycan xalqı ötən il əldə etdiyimiz, Zəfərin bir illiyini qeyd etməyə hazırlaşdığımız 44 günlük vətən müharibəsində hakimiyyətlə çox möhkəm birlik nümayiş etdirdi. Xalq müstəqillik əldə edəndən sonra ilk dəfə idi ki, belə sarsılmaz birlik nümayiş etdirilirdi.

10 noyabr 2020-ci il tarixdə gözlənilmədən, gecəyarısı Rusiyanın təzyiqilə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli atəşkəs bəyanatının imzalanması anında 44 gün ərzində yaranmış möhkəm milli birliyə ilk böyük zərbə vuruldu. Millət Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Ermənistanın işğalı altında qalan  digər torpaqlar azad olunmadan atəşkəs barədə bəyanatın imzalanmasından şoka düşdü.

Milli birliyə vurulan ilk zərbə, məhz torpaqlarımızın Yuxarı Qarabağ hissəsinin Rusiya sülhməramlıları və erməni silahlı quldur dəstələrinin nəzarətində qalmasına razılaşan atəşkəs bəyanatının imzalanması zamanı vuruldu. Milli birlik parçalandı.

Radikal müxalifət dərhal üç dövlətin birgə imzaladığı atəşkəs bəyanatına Azərbaycan rəhbərinin imza atmasını xəyanət hesab etdi. Beləliklə, radikal müxalifətin bu hərəkətilə ölkədə vətən müharibəsi ətrafında yaranmış milli birliyin pozulması prosesi başlandı.

Hakimiyyət 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış Azərbaycan ərazilərinin işğaldan azad olunmasını, Qarabağ probleminin həll olunduğunu, statusun gorbagor olduğunu elan etsə də, müxalifət bununla razılaşmadı və, beynəlxalq ermənipərəst dövlətlər isə statusun müəyyən olunmasının vacibliyini vurğuladılar.

Milli birliyə zərbə vuran amillərdən bəhs edərkən, Rusiya sülhməramlılarının Azərbaycana yenidən gətirilməsi və rusların erməni hərbi birləşmələrini ləğv etməməsi, əksinə onları silahlandırması, erməniləri yenidən Xankəndinə daşınmasına hakimiyyətin susması milli birliyimizə mənfi təsir göstərdi. Üstəgəl, üç dövlət rəhbərinin imzaladığı 9 maddədən ibarət olan atəşkəs bəyanatının müddəalarının həyata keçirilməsi sahəsində   Rusiya sülhməramlılarının üzərinə götürdüyü öhdəliklərin Azərbaycana aid olan hissəsini yerinə yetirməməsinə hakimiyyətin loyal yanaşması, vaxtında adekvat cavab reaksiyası verməməsi milli birliyin zəifləməsinə və narazıların artmasına təkan verdi.

Milli birliyimizi zəiflədən xarici amillərlə yanaşı, ölkə daxilində gedən bir sıra mənfi proseslər də öz təsirini göstərib və göstərməkdədir. Ölkədə milli birliyə mənfi təsir göstərən halları törədənlər əsasən, hakimiyyəti təmsil edən, vətən müharibəsindən övladlarını kütləvi şəkildə gizlədən və xalqa hər addımda zülm edən məmurlardır. Ölkədə şəhid ailələrinin və qazilərin məmurların onların müraciətlərinə göstərdikləri  laqeydlik, biganəliyə qarşı keçirdikləri etiraz dalğasına sosial şəbəkələrdə hər gün rast gəlirik. Bu etirazların yüksək vəzifəli məmurlar tərəfindən gözardı edilməsi isə xalqa çox mənfi təsir edir və qəzəbləndirir.

Xalqı qəzəbləndirən və hökumətdən narazı salan, milli birliyi dərin zədələyən ölkədə işıqını, qazın, benzinin qiymətinin, rüsumların  qaldırılması, gündəlik qida və istehlak mallarının bahalaşmasının hər gün ardıcıl yüksəlməsidir.

Azərbaycan xalqı qiymətlərin qaldırılması ilə elə çətin duruma salınıb ki, Zəfər bayramının bir illiyini qeyd etdiyimiz ərəfədə xalqda bayram əhalı-ruhiyyəsi hiss olunmur.

Milli birliyimizi zəif salan qeyd etdiyim və etmədiyim bir sıra dözülməsi mümkün olmayan hallar ilk növbədə ölkədə hökm sürən məmur özbaşınalığının və erməni dəyirmanına su tökən bu tip yaramazların naqis əməllərinin nəticəsi hesab edirəm.

Dəfələrlə qeyd etmişəm, yenə də təkrar edirəm ki, ölkə daxilində olan düşmənlər xarici düşməndən qat-qat təhlükəlidir. Vay o gündən ki, düşmənlər ölkənin hakimiyyət strukturlarınada oturmuş ola.

 Tapdıq Abbas