Rüsumların "süni qiymət artımı"

19:03 03-11-2021 315

Hökumət əhalinin gəlirlərinin bir hissəsini

büdcənin maliyyələşdirilməsinə yönəltmək istəyir

 

Adətən bazarlarda qiymətlər bahalaşanda dövlət qurumları "süni qiymət artımı" ovuna çıxır, hətta, bu prosesdən kadırlar də çəkib televiziyalarda nümayiş etdirirlər. Əslində isə bazar iqtisadiyyatı modelində iqtisadi fəaliyyətdə standart qiymətqoyma anlayışı yoxdur. Bu modeldə qiyməti bazar özü müəyyənləşdirir. Bu səbəbdən də, həqiqətdə, əsil süni qiymət artımı elə Tarif Şurasının qərarları ilə bahalaşdırılan qiymətlərdir. Bazar iqtisadiyyatı şəraitində qərarla qiymətlərin bahalaşdırılması və ya ucuzlaşdırılması mexanizmi nəzərdə tutulmayıb. Bazar iqtisadiyyatı şəraitində hökumət iqtisadiyyata, yalnız vergilər və rüsumlar vasitəsi ilə təsir edə bilər.

Azərbaycanda hökumət vergilər və rüsumlar arasında heç bir fərq qoymadan, hər ikisindən dövlət büdcəsini doldurmaq məqsədi ilə istifadə edir. Əslində, bu iki iqtisadi alət eyniləşdirilib. Halbuki, dövlət büdcəsinin doldurulması üçün istifadə edilən iqtisadi alət yalnız vergilər olmalıdır. Rüsumlar və cərimələrin isə təyinatı başqa olsa da, onların hesabına yığılan pullar da, dövlət xəzinəsinə mədaxil edilir.

Bəs dövlət rüsumu və cərimələrin təyinatı nədən ibarətdir? Bazar iqtisadiyyatı şəraitində rüsumlar daxili bazarı qoruyan ən ümdə iqtisadi alətdir, onun dövlət büdcəsini maliyyələşdirmək kimi öhdəliyi yoxdur. Rüsumlar özü də təyinatına görə bir neçə hissəyə bölünür. İqtisadiyyatda rüsumun əsas vəzifəsi yuxarıda qeyd etdiyimiz kimi daxili bazarı qorumaq, tənzimləmə aparmaq missiyasına malikdir. Məsələn, daxili bazarda hər hansı bir məhsul xarici analoquna rəqabətdə məğlub olursa, hökumət yerli məhsulu dəstəkləmək üçün xarici məhsula qoyulan idxal rüsumunu qaldıra bilər. Yaxud da, daxili bazarda hər hansı bir məhsul qıtdırsa, qıtlığı aradan qaldırmaq üçün hökumət rüsumları minimuma endirməklə problemi həll etməyə çalışa bilər.

İdxal mallarına qoyulan rüsumları da iki yerə bölmək olar - daxili bazar və tranzit təyinatlı mallara tətbiq edilən rüsumlar. Tranzit mallara qoyulan rüsumları birbaşa dövlət büdcəsinin doldurulmasını hədəfləyir. Bu rüsumları müəyyənləşdirən zaman hökumət alternativ tranzit rüsumlarını nəzərə almalıdır ki, tranzit müştəriləri dövlət itirməsin. Daxili bazar təyinatlı rüsumların təyinatı barədə isə yuxarıda izahat vermişdik.

Bütün bunlarla yanaşı, həm də dövlət xidmətlərinə tətbiq edilən rüsumlar var. Məsələn, xarici pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi alma, evlənmə, boşanma və s. kimi əqdlərin reallaşdırılması üçün də dövlət rüsumu tətbiq edilir. Bəzi dövlətlərdə bu cür əqdlər üçün dövlət rüsumu tələb edilmir. Əslində, bu daha məntiqlidir, çünki bütün bu məsələləri icra edən dövlət orqanları dövlət büdcəsindən maliyyələşdirilir. Bu xidmətləri həyata keçirən dövlət orqanları xidmətə görə rüsum alırsa, onda xidmətə görə ikili ödəmə alınır. Bir tərəfdən vətəndaşa məxsus olan dövlət büdcəsindən, digər tərəfdən isə vətəndaşın şəxsi büdcəsindən ödəniş edilir ki, bu da məntiqsizdir.

İndi gəlin bu prizmadan Azərbaycanda bəzi rüsumların bahalaşmasına nəzər salaq. Məsələn, ölkəyə gətirilən mobil telefonların qeydiyyat rüsumu 10 manat bahalaşdırılıb. Hamı bilir ki, Azərbaycanda mobil telefon istehsal edilmir ki, biz daxili bazarı qorumaq üçün bu məhsulun rüsumlarını qaldıraq. Əksinə, Azərbaycanda mobil telefonların qeydiyyat rüsumu azaldılmalı və pulsuz edilməlidir ki, İKT-yə çıxış imkanlarının genişlənməsi üçün əhalinin daha çox hissəsi smartfon telefonlara malik ola bilsin.

Məlumdur ki, ölkəyə idxal edilən avtomobillərin də idxal rüsumu bahalaşdırılıb. Azərbaycanda demək olar ki, avtomobil istehsal edilmir. Ölkənin avtomobil bazarının heç bir faizini də yerli istehsal tuta bilmir. Belə olan halda ölkəyə idxal edilən avtomobillərin idaxil rüsumunun bahalaşdırılmasının məqsədi nədir? Ölkə iqtisadiyyatında avtomobillərin sayının çoxalması müsbət iqtisadi göstərici olduğu halda, Azərbaycan hökuməti nə daxildə avtomobil istehsalını dirçəltmir, nə də idxalını stimullaşdırmır. Anlaşılmayan siyasət ölkənin iqtisadi göstəricilərini pisləşdirir.

Digər rüsumları da ayrı-ayrılıqda təhlil etsək, görərik ki, bu rüsum bahalaşdırılmasının iqtisadi baxımdan heç bir məntiqi yoxdur. Lakin bu rüsum artımı enerjidaşıyıcılarının bahalaşması fonunda baş verdiyindən, belə güman etmək olar ki, dövlət əhalinin xərclərinin artmasına və infliyasiyanın sürətlənməsinə fokslanıb. Başqa sözlə desək, hökumət hesab edir ki, əhali kifayət qədər gəlirlərə malikdir və həmin gəlirlərin bir hissəsini dövlət büdcəsinin maliyyələşdirilməsinə yönəltmək lazımdır. Ona görə də, iqtisadi idarəetmə vasitələrindən biri olan dövlət rüsumlarını öz təyinatından çıxarıb, dövlət büdcəsinin maliyyələşdirilməsi istiqamətinə yönəldir.

Elə anlaşılmasın ki, hökumətin bu iqtisadi siyasətini biz də təqdir və ya məqsədə müvafiq hesab edirik. Əsla yox, sadəcə olaraq biz hökumətin iqtisadi siyasətinin kursunu müəyyənləşdirməyə çalışırıq. Təhlill və qənaətlərimiz də bu nəticəyə gəlməyə əsas yaradır.

Digər tərəfdən isə hökumətin yuxarıda xarakterzə etdiyimiz iqtisadi siyasətində bir təzad var. Cünki 2020-ci ilin əvvəlindən başlanan pandemiya hələ bitməyib, iqtisadiyyatın bir hissəsi hələ də qadağalar altındadır. Digər sahələr də, hələ tam gücü ilə işləmir, ən azı onlar pandemiyanın başladığı dövrün göstəricilərinə gəlib çata bilməyib. Belə olan halda, əhalinin gəlirləri necə çoxala bilər ki, dövlət də onun bir hissəsini büdcənin maliyyələşdirilməsinə yönəltsin?

 Akif Nəsirli