"Azəristiliktəchizat" ASC öhdəliklərini yerinə yetirmir

 

19:05 03-11-2021 252

Paytaxtın Nizami küçəsinin sakinləri istilik sisteminin sıradan çıxmasından əziyyət çəkir

 Bakı şəhəri Nizamı küçəsi 66 ünvanında yerləşən yaşayış binasının sakinləri redaksiyamıza şikayət məktubu ünvanlayıb. Məktubda bildirilir ki, yaşadıqları bina 1953-cü ildə istismara verilib: "Binanın istilik sistemi köhnəlib və yararsız vəziyyətə düşüb. Qış aylarında binaya verilən istilik boru xətlərində qəza səbəbindən, istiliyin verilməsi vaxtaşırı dayandırılır".

Bina sakinləri yazır ki, dəfələrlə "Azəristiliktəchizat" ASC-nin "Qaynar xətt" xidmətinə və Səbayıl rayon İcra Hakimiyyətinə müraciət etmişik, lakin bu məsələ indiyə qədər də, öz həllini tapmayıb: "Binaya verilən istilik sistemində yaranan poblemlər aşağıdakılardan ibarətdir:

- Zirzəmidən keçən istilik boruları bu illər ərzində çürüyüb yararsız vəziyyətə düşüb;

 - Binanın 1-ci mərtəbəsində bərbərxana, kafe- restoranlar, "Zəfəran" aptek və "İmprotex" şirkəti fəaliyyət göstərir. Ona görə də "Azəristiliktəchizat" ASC-nin nümayəndələri boru xətlərinin dəyişdirilməsi xərclərini yuxarıda adları sadalanan iaşə obyektləri tərəfindən ödənilməsini istəyir. Sahibkarlar isə istilik sistemindən istifadə etmədiklərinə görə, həmin xərcləri ödəməkdən imtina edirlər.

 - Zirzəmidən binanın bəzi "blok"larına istilik boruları çöl tərəfdən, yəni Nizami və S.Vurğun küçələrinin kəsişmələrindəki arkanın alt tərəfindən keçir. "Azəristiliktəchizat" ASC-nin nümayəndələri bildirirlər ki, təmir-bərpa işlərini aparmaq üçün Səbayil rayonu İH tərəfindən icazə verilməlidir.

Onu da qeyd etmək istəyirik ki, bu ilin istilik verilmə mövsümü başlanan kimi dayandırılmasının səbəbi, Nizami küçəsində yerləşən "Zəfəran" aptekinin çöl tərəfdən keçən boru xəttində qəzanın baş verməsi oldu.

- Bina istismara verilərkən qazanxana ilə təchiz olunub. Qazanxana hər il istilik verilmə mövsümündə işlək vəziyyətdə olub. Lakin "Azəristiliktəchzat" ASC-nin nümayəndələri bina sakinlərinə mənzillərini istiliklə təmin etmək üçün fərdi kombi-istilik sisteminə keçməsini məsləhət görürlər".

Sakinlər yazır ki, bina özü arxitektur bina olduğundan bəzi mənzillərin həyətə açıq eyvanları yoxdur, bu da texniki təhlikəsizlik və ekoloji baxımdan texniki şərtlərə ziddir. "2014-cü ildən "Azəristiliktəchizat" ASC-yə şikayət məktubları göndərilib və davamlı "qaynar xətt" xidmətinə zəng edib, problemlərimizi demişik. Amma binanın istilik problemi hələ də həll edilməyib".

Məktubda qeyd edilir ki, sakinlər tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə  02.05.2021-ci il tarixdə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya 25.05.2021-ci il tarixdə və Baş Nazir Əli Əsədova 25.05.2021-ci il tarixdə şikayət ərizələri yazılıb.  Lakin nəticə yoxdur.

Binanın 86 mənzilində yaşayan istehlakçıların hüquqları pozulmaqda davam edir. Gün ərzində bir neçə dəfə cəhd göstərsək də "Azəristiliktəchizat" ASC ilə əlaqə saxlaya bilmədik. "Azəristiliktəchizat" ASC mövqeini bildirərsə, onu da dərc etməyə hazırıq.

Məktuba bina sakinlərindən 10 nəfər imza atıb.

 Akif Nəsirli