Savadın meyarı diplom deyil

19:13 03-11-2021 432

O qədər diplomlu savadsızlar var ki, bu cəmiyyətdə

 Azərbaycan elə unikal bir ölkədir ki, burada baş verənlərin, başqa  normal bir ölkədə baş verməsi mümkün deyil. Məsələn, dünyanın heç bir yerində (bəzi postsovet dövlətləri istisnadır) deputat, bələdiyyə təyinatları olmur. Seçkili orqanlar olduğundan buraya savadına, diplomuna, kimin oğlu, kimin qızı, kimin qohumu olduğuna görə yox, hər biri 50 min insanın təmsilçisi olaraq, onların səsini hökumətə çatdıra biləcək şəxslər seçilməlidir.

Bu gün isə nədənsə, müzakirə mövzusu savaddır. Guya müstəqillik qazandığımız gündən bizi talayan, soyan məmurlar savadsızlıqdan bu qanunsuzluqlara yol veriblər, savadları olsaydı, bu əməlləri törətməzdilər. Araşdırdıqda isə məlum olur ki, məmurlarımızın böyük əksəriyyəti ən azından elmlər namizədidir (müasir dildə desək, elmlər üzrə fəlsəfə doktoru). İnsan savadlı ola bilər, amma camaatın dərdi-sərindən bixəbər olar. Belə bir şəxsin deputat olmasının cəmiyyətə nə xeyri ola bilər ki?

 Dəfələrlə yazılarımda qeyd etmişəm ki, Azərbaycan parlamentində xalqın səsini hökumətə çatdıra biləcək, daha doğrusu çatdırmağa çalışan 3-5 deputat var. Onların da səsini digərlərinin- diplomlu, savadlı, xalqın güzaranından bixəbərlərin qışqırıqları batırır, eşidilməz edir.

Məsələn, sosial və kommunal xərclərin artırılmasına etiraz edən deputatları, «savadlılar» öz absurd əsaslandırmaları ilə susmağa məcbur edə bilirlər. Çünki onlar parlamentdə çoxluq təşkil edirlər. Yaxud da, pensiya yaşının artırılmasına səs verən bir çox deputatlar, bu gün ona heç bir əsas olmadığını deyir və yaş həddinin aşağı salınmasını təklif edirlər. Bu isə o deməkdir ki, bizim savadlılarımız da, kiminsə razılığı olmadan öz təkliflərini belə axıra qədər qoruya bilmirlər. Çünki millətin səsi ilə deyil, kimlərinsə təqdimatı ilə deputat olublar. Parlamentdə uzun illər kreslo zəbt edən deputatlar da var ki, bu müddət ərzində onların bir çıxışını belə, eşidən yoxdur, niyə? Çünki nə danışmaq qabiliyyəti var, nə də savadı, onların vəzifəsi düyməni basmaqdır. Bir düyməni basmaq üçün isə böyük savad sahibi olmağa ehtiyac yoxdur.

"Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə xanım Rüstəmxanlı mətbuata açıqlamasında bidirib ki, "deputat millətin səsidir, o savadsız, ağılsız , heç nədən xəbəri olmayan şəxs olmamalıdır". Hörmətli Tənzilə xanımın bu fikrlərində də, müəyyən yanlışlıqlar var. Çünki savadsız olmaq, ağılsız olmaq anlamına gəlmir.

Azərbaycan cəmiyyətində o qədər savadsız, amma aqil insanlar var ki, nə diplomlu deputatlar, nə də elmə heç bir töhfə vermədən akademik adını alanlar onların qarşısında duruş gətirə bilməzlər. Sadəcə olaraq, hansısa səbəbdən, yaxud imkansızlıq üzündən (hazırda təhsil haqqını ödəyə bilməməsi səbəbindən təhsildən kənarda qalanlar kimi) təhsil ala bilməyiblər.

Yaxud da, bir neçə il əvvəl Amerikada bir savadsız evdar qadını xalq deputat seçmişdi. Çünki o, xalqın istək və arzularını hər zaman müdafiə etmiş, problemlərinin həlli üçün fəallıq göstərmişdi. Xalqa da savadlı, ancaq heç bir problemi həll etməyə qadir olmayan şəxsə yox, həmin savadsız evdar xanıma səs vermişdi.

Bu gün Azərbaycan parlamentində çox yüksək səviyyədə təhsil almış gənclər var. Amma onların bir dəfə də olsun, insanları narahat edən problemlərlə bağlı parlamentdə çıxış etdiklərini görmədik. Hamı oraya, elə bil dünya siyasətini müzakirə etməyə seçilib. Hamı siyasətçidir, hüquqşünasdır, iqtisadçıdır. Siyasəti qoyuram bir tərəfə. Amma iqtisadçıların və hüquqşünasların insanların sosial problemlərinə biganəliklərini, əsla anlaya bilmirəm.

Bilirsiniz, niyə? Çünki savadları çoxdur. Onların absurd nəzəriyyələrinə görə, istehlak səbətinin 200 manat olduğu bir ölkədə, minimum əmək haqqının 250 manat olması, xalqın yüksək yaşam rifahından xəbər verir. Mən hələ pensiya və müavinatlardan danışmıram.

Onlar hesab edirlər ki, pensiyaçılara, onların ailə üzvləri baxmalıdırlar. Hökumətin onlara heç bir borcu yoxdur. Eyni zamanda, vaxtaşırı 2000-2500 manata yaşamağın nə qədər çətin olduğunu və deputat maaşlarının artırılması məsələsini gündəmə gətirirlər. İnsan çalışır, çırpınır günün 16-18 saatını işləyir, bunun müqabilində 500-1000 manat qazana bilmir. Deputat isə həftədə iki gün yumşaq kresloda "can qoyur", bunun müqabilində 2000-2500 manat alır və xalqın rifahının yüksəlişindən danışır. Hökumətdən gələn qanunları heç bir etiraz olmadan qəbul etmək üçün bəyəm, akademik savad lazımdır?

Bu gün Azərbaycan xalqına onun hüquqlarını qoruya biləcək Millət Vəkilləri lazımdır. Onların savadının dərəcəsi də, xalqa xidmətlə ölçülməlidir.

Hökumət hər bir deputata 2 köməkçi götürmək imkanı verir, savadsız Millət Vəkili də özünə 2 savadlı köməkçi götürər, iş tamam olar. Ən əsası deputat seçilən şəxsin qəlbində millət və dövlət sevgisi olsun. Amma savadlı olub, xalqa heç bir xeyri olmayan təyinatlı deputatlar heç kimə lazım deyillər.

 

 

Yusif Seyid