Çingiz Abdullayevin suçu

17:05 04-11-2021 315
Təhqir heç kimə başucalığı gətirmir
 
Son günlər sosial mediada tanınmış yazıçı, yazıçılar birliyinin sədr müavini Çingiz Abdullayevin ünvanına səsləndirilən təhqirlər səngimək bilmir.
Mən kiminsə, suçunun, qəbahətinin bağışlanmasının tərəfdarı deyiləm. Hər kəs dediyinin də, etdiyinin də bədəlini ödəməlidir.
Amma söylədiyi bir ifadəyə görə, xalqımızın səsini dünyaya çatdıra biləcək və çatdıran şəxsin bunca təhqir olunması, heç də düzgün yanaşma deyil. Mənim Çingiz Abdullayevi müdafiə etmək kimi bir amacım da yox. Onunla şəxsi tanışlığım, asılılığım da yox. Sadəcə olaraq oxuduğum əsərlərindən tanıyıram, vəssalam.
Bu həm də, təkcə Çingiz Abdullayevlə bağlı məsələ deyil. Müstəqilliyimizin ilk günlərindən ölkəmizin bir çox tanınmış ziyalılarına qarşı, bu kimi kampaniyalar aparılıb. Bu heç də arzuolunan hal deyil.  Bəli, səhv edib, bunu özü də etiraf edir ki, çıxışında yanlışlıq olub. Lakin belə düşünür deyə, onu dar ağacındanmı asaq? 
Bir kəlmə sözə görə, insanın bütün xidmətlərinin üstündən xətt çəkmək olmaz, ələlxüsus da, təhqir etmək. 
Azərbaycanda yüzlərlə, minlərlə məmurlar var ki, öz fəaliyyətləri ilə xalqa Çingiz Abdullayevdən on qat artıq xəyanət ediblər, onların adını isə heç kim dilinə gətirmir. Ən böyük xəyanət isə rüşvət və korrupsiyadır.
Yusif